Bakı Ekspo Mərkəzdə keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisinin “SOCAR təqdimat zonası”nda Xalq Şairi Musa Yaqubun uşaq şeirlərindən ibarət, “İpəkyolu” nəşriyyatının uşaq ədəbiyyatı qolu olan “Nar uşaq nəşrləri” tərəfindən işıq üzü görmüş “Gül bağçası” kitabının təqdimat mərasimi baş tutdu.
Azərbaycan klassik poeziyasına ölməz əsərlər bəxş etmiş şairin yaradıcılıq gecəsini xatırladan tədbir, onun “Dəyirman” poemasını Xalq artisti Səməndər Rzayevin səsləndirməsi ilə açıldı.
Alqışlarla qarşılanan poemanın səslədirilməsindən sonra təqdimat mərasiminin moderatorları – şair Fərid Hüseyn və jurnalist-publisist Nəzirməmməd Zöhrablı tədbir iştirakçılarını salamladılar.
Fərid Hüseyn iştirakçılara müraciət edərək, klassik şairimiz Əfzələddin Xaqaniyə həsr edilmiş “Dəyirman” poeması barədə qısa izahat verdi, həm Xaqaniyə, həm yüksək sənətkarlıqla poemanı qələmə almış Musa Yaquba, həm də onu belə gözəl ahənglə səsləndirən Xalq artisti Səməndər Rzayevə Uca Allahdan rəhmət dilədi. O,
Musa Yaqub poeziyası haqqında da bir qədər məlumat verdikdən sonra mikrofon önünə “Gül bağçası” kitabının nəşri barədə danışmaq üçün kitabı çap edən “İpəkyolu” nəşriyyatının direktoru Ramiz Məmmədovu dəvət etdi.
Ramiz Məmmədov Musa Yaqubun nəticələri Zöhrənur və Musaya, eləcə də bütün balalara həsr olunmuş “Gül bağçası”nın nəşrə hazırlanması ideyasının şairin ailəsindən gəldiyini, bu işin nəşriyyatın kollektivi üçün çox gərəkli və şərəfli bir addım olduğunu qeyd etdi. Onu da bildirdi ki, xoşbəxtlikdən XII Bakı Beynəlxalq Kitab Sərgisinin də əsas şüarı “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” adlandığından “Gül baçğası”nın məhz burada təqdimatı tamamilə yerinə düşüb.
“İpəkyolu”nun direktoru çıxışını ““Gül bağçası” zamanla bütün azərbaycanlı balalarının təbiəti öyrənmələri üçün əvəzsiz vəsaitə çevriləcək” sözləri ilə bitirib tədbir iştirakçılarına təşəkkür etdi.
Sonra təqdimat mərasimi Musa Yaqub yaradıcılığının pərəstişkarları üçün əsl poeziya bayramına çevrildi. Çıxış edən tanınmış şairlər Seyran Səxavət, Baba Vəziroğlu Musa Yaqubla bağlı xatirələrini dilə gətirdilər, onunla yanaşı çalışaraq yaradıcılıq nümunələri yaratmalarından, həmçinin şairin cismən yaşadığı həyatının son günlərində olan görüşlərindən söz açdılar.
Tədbirin digər moderatoru Nəzirməmməd Zöhrablının şairin “Gərək bu sözümü daşlara yazam” şeirinin qiraətindən sonra Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin şagirdi Nuray Şahsuvarlı şairin şeirini söylədi və canlı olaraq musiqi nömrəsi səsləndirdi.
Şairin qızı Yaqut xanım da Nurayın səsinə səs verməklə tədbirin gedişiatına bir qədər də xoş ovqat qatdı. Yaqut xanım həmçinin Musa Yaqubun oğluna yazdığı, məşhur “Yarpaq olub torpağına tökülsəm” şeirini söylədi və Musa Yaqub ocağı adından tədbirin təşkilatçısı olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, eləcə də “İpəkyolu” nəşriyyatının kollektivinə, tədbirin ərsəyə gətirilməsinə və Musa Yaqub adına layiqli şəkildə keçirilməsinə dəstək olanlara və tədbirə qatılan bütün iştirakçılara öz təşəkkürlərini bildirdi.
Yazıçı Yaşar Əliyev öz çıxışında Musa Yaqubun “Anadan şair doğulanlar” silsiləsinə aid olduğunu dedi və fikrini onun dərin məzmunlu poetik nümunələri üstündə izah etdi.
Təqdimat mərasimində həmçinin Nəzirməmməd Zöhrablı tərəfindən Musa Yaqubla bərabər onun ömür-gün yoldaşı olmuş mərhum Zöhrə xanımın da bu gözəl ədəbiyyat nümunələri yaratmış şairə göstərdiyi müstəsna xidmətləri xüsusi vurğulandı, ruhu yad olundu, şairin onun məzarı üstündə qələmə aldığı “Ruh söhbəti” şeirindən bütün Azərbaycan xalqının əxlaq müstəvisini abidələşdirən fikirlər barədə söhbət açıldı.
Daha sonra qiraət ustası Pünhan İsmayıllı ürək sözləri ilə bərabər ədibin “Bu dünyanın qara daşı göyərməz” şeirinə şair Sərvər Şahvəllinin yazdığı “Gözləyir ki daş göyərə” nəzirəsini söylədi.
Əsl poeziya bayramı ovqatlı tədbir moderator Fərid Hüseynin ifasında şairin “Həsrət adası” şeirinin səsləndirilməsi ilə yeni məcraya yönəldi. Sonra şair-publisist Rəfail Tağızadə şairin yaradıcılığının incəliklərindən söz açdı və təbiətin Musa Yaqub şeirində tərənnüm üçün darıxdığını söylədi. Hüquqşünas-şair, İsmayıllının dogma Buynuz kəndində Musa Yaqubun həm də məktəbdə şagirdi olmaq xoşbəxtliyini yaşamış Simran Həsənov da xatirələrin dilə ilə böyük ədib barədə fikirlərini bölüşdü.
Tədbir Musa Yaqubun nəticəsi, Zöhrə xanımın adını daşıyan Zöhrənur Qarazadənin ifasında ədibin Azərbaycan torpağını başdan-başa vəsf edən “Burda” şeirinin və mövzusu bir romana bərabər tutulan “Bəlkə də borcundan çıxmadım, Vətən!” dördlüyünün söylənməsi ilə alqışlar altında başa çatdı.

