İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. Yeniliklər daha çox vətəndaşın mənzil kreditlərindən yararlanması, müraciət prosesinin şəffaflaşdırılması və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədi daşıyır.
İpoteka və Kredit Zəmanət Fondunun məlumatına görə, dəyişikliklərdən biri yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi ilə bağlıdır. Yeni qaydaya əsasən, Fondla qüvvədə olan kirayə müqaviləsi üzrə kirayəçi olmayan şəxs də əsas borcalan qismində ipoteka kreditindən yararlana bilər.
Bu yenilik mənzil almaq istəyən vətəndaşlar üçün ipoteka müraciətləri zamanı əlavə imkan yaradır. Bununla belə, kreditin verilməsi digər şərtlərin və bankın tələblərinin də nəzərə alınmasından asılıdır.
İpoteka müraciətlərində SİMA ilə üz tanıma tətbiq ediləcək
Dəyişikliklər çərçivəsində ipoteka kreditlərinə müraciət zamanı SİMA rəqəmsal imzanın üz tanıma texnologiyasından da istifadə olunacaq.
Fondun təşəbbüsü ilə tətbiq ediləcək yeni həll vətəndaşlara müraciətlərini “SİMA İmza”nın biometrik identifikasiya funksiyası vasitəsilə təsdiqləməyə imkan verəcək.
Bu mexanizmin tətbiqi ilə müraciət prosesinin təhlükəsizliyinin və şəffaflığının artırılması, kənar müdaxilə risklərinin azaldılması, eləcə də xüsusi proqram təminatlarından istifadə etməklə mümkün sui-istifadə hallarının qarşısının alınması nəzərdə tutulur.
Yeni qayda ilə bağlı müraciət təlimatı MyGov portalının müvafiq bölməsində yerləşdirilib.
İndiyədək 61 minə yaxın ipoteka krediti verilib
Fond 2006-cı ildən Azərbaycanda uzunmüddətli ipoteka kreditləşməsinin maliyyələşdirilməsini həyata keçirir.
Qurumun açıqladığı statistikaya əsasən, indiyədək Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən ümumilikdə 4 milyard 185 milyon manat məbləğində, 61 minə yaxın ipoteka krediti verilib.
Bu kreditlərdən yararlananların 67 faizini gənclər və gənc ailələr təşkil edib.
Fond bildirir ki, qaydalara edilən dəyişikliklər mənzilə ehtiyacı olan daha çox vətəndaşın ipoteka imkanlarından faydalanmasına, prosesin şəffaflığının artırılmasına və risklərin azaldılmasına xidmət edir.
Dəyişikliklərlə bağlı əlavə sualı olan vətəndaşlar İpoteka və Kredit Zəmanət Fondunun 1549 Çağrı Mərkəzinə müraciət edə bilərlər.
