ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi əməliyyat variantları barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuperdən məruzə alıb.
Görüş oktyabrın 29-da, cümə axşamı Ağ Evdə keçirilib. Müzakirələrdə ABŞ-ın müdafiə naziri Pit Heqset və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn də iştirak ediblər.
“The Wall Street Journal” qəzeti amerikalı rəsmilərə və müzakirələrlə tanış olan digər şəxslərə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, bu görüş ABŞ-ın Yaxın Şərqdəki hərbi komandanlığının rəhbərinin prezidentə şəxsən məruzə etməsi baxımından qeyri-adi hadisə olub. Bu, Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlatmaq imkanını nəzərdən keçirdiyi vaxta təsadüf edir.
Müzakirələrdə hökumətin digər üzvləri də iştirak edib. Görüşün bir hissəsində isə başqa məsələlər müzakirə olunub.
ABŞ hərbi əməliyyata hazırlaşır?
Məsləhətləşmələr ABŞ-ın noyabrın 3-nə təyin edilmiş Konqresə aralıq seçkilərindən sonra İrana qarşı yeni hərbi kampaniyaya başlaya biləcəyi barədə məlumatların yayıldığı bir vaxtda keçirilir.
“The Wall Street Journal”ın məlumatına görə, Vaşinqton Fars körfəzi regionundakı bir neçə ərəb dövlətinə İrana qarşı qısamüddətli, lakin intensiv hərbi əməliyyata hazırlaşmağın zəruriliyi barədə xəbərdarlıq edib.
ABŞ hərbçiləri regiondakı mövcudluğunu gücləndirir. Belə ki, sursat ehtiyatları artırılır, əlavə hava hücumundan müdafiə sistemləri bölgəyə göndərilir, eskalasiya zamanı hücuma məruz qala biləcək bazalardan hərbçilər başqa ərazilərə köçürülür.
Associated Press agentliyinin məlumatına görə, ABŞ-ın müttəfiqlərinə İranın enerji obyektlərinə və digər mühüm infrastruktura mümkün cavab zərbələri endirə biləcəyi barədə də xəbərdarlıq edilib.
Bununla belə, mümkün hərbi əməliyyatın nə vaxt başlayacağı və ABŞ Silahlı Qüvvələrinin buna nə dərəcədə hazır olduğu hələlik məlum deyil.
Vaşinqton Tehranla danışıqları da bərpa etmək istəyir
Eyni zamanda, ABŞ İranla diplomatik əlaqələri bərpa etməyə çalışır.
Amerika mediasının məlumatına görə, ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərərək danışıqlara qayıtmağın mümkün olub-olmadığını öyrənməyə çalışıb.
Müzakirə olunan variantlar arasında iki ölkənin nümayəndələrinin yaxın vaxtlarda görüşməsi də var.
Tramp hələlik İrana qarşı yeni zərbələr endirilməsi ilə bağlı yekun qərar qəbul etməyib.
Ağ Ev bildirib ki, ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün mümkün variantları nəzərdən keçirmək hüququnu saxlayır.
Tehran isə diplomatiyaya şans verməyə davam etdiyini bəyan etməklə yanaşı, yeni hücumlar olacağı təqdirdə sərt cavab veriləcəyi barədə xəbərdarlıq edir.
N. Talıblı
