Son bir həftə ərzində İsrailin cənubundakı hərbi aviabazalara ABŞ-a məxsus 10-dan çox hərbi-nəqliyyat təyyarəsi eniş edib.
Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Son günlər yük daşımalarının əksəriyyətini həyata keçirən təyyarələr ABŞ-ın Texas ştatının El-Paso şəhərində yerləşən Biqqs hərbi aerodromundan havaya qalxıb. Məlumatlara görə, təyyarələr İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənubundakı Nevatim və Ovda aviabazalarına uçub.
Son günlər ABŞ-ın hərbi yüklərinin Yaxın Şərqin digər ölkələrindəki Amerika bazalarına çatdırılması üzrə də bir neçə uçuş həyata keçirilib. Bu ölkələr arasında İordaniya, Səudiyyə Ərəbistanı, Qətər və Küveyt də var.
Nəqliyyat təyyarələrinin daşıdığı yüklərin nədən ibarət olduğu məlum deyil. Lakin ehtimal edilir ki, bu daşımalar ABŞ-ın İranla hərbi əməliyyatların yeni mərhələsinin başlaya biləcəyi ehtimalı fonunda regiondakı hava hücumundan müdafiə sistemini gücləndirmək səyləri ilə bağlıdır.
