ABŞ dövlət katibi Marko Rubio yaxın aylarda Ukraynada müharibənin dayandırılması ilə bağlı razılığa gəlməyin mümkünlüyünə şübhə ilə yanaşıb. “Azadlıq Radiosu”nun məlumatına görə, o, Qərb ölkələrindən olan həmkarları ilə danışıqlar zamanı Rusiya Prezidenti Vladimir Putinin Donald Trampın dekabrda Mayamidə keçiriləcək G20 sammitinə dəvətini qəbul edəcəyinə də şübhə etdiyini bildirib.
Anonim qalmaq şərti ilə danışan üç avropalı rəsminin sözlərinə görə, Rubio oktyabrın 31-də başa çatan, Atlantada iki gün davam edən G20 xarici işlər nazirlərinin görüşündə narahatlığını bölüşüb. Dövlət katibi açıq çıxışında da sülh sazişinin perspektivləri ilə bağlı nikbin mövqe nümayiş etdirməyib.
“Ukraynada danışıqlar yolu ilə sülhə nail olmağın mümkün olub-olmadığını bilmirəm. Biz məhz bunu müəyyənləşdirməyə çalışırıq”, – Rubio yekun mətbuat konfransında bildirib.
O vurğulayıb ki, Vaşinqton tərəflərin razılaşma əldə etməyə yaxın olduğunu düşünmür. Onun sözlərinə görə, Tramp administrasiyasının nümayəndələri, o cümlədən Cared Kuşner və Stiv Uitkoff Ukrayna və İran məsələlərinə ciddi diqqət ayırırlar.
Rubio Putinin dekabrda keçiriləcək G20 sammitinə qatılıb-qatılmayacağını da bilmədiyini deyib. Tramp sammiti Floridanın Doral şəhərində yerləşən öz qolf klubunda keçirməyi planlaşdırır. Avropalı rəsmilərin sözlərinə görə, ABŞ dövlət katibi qapalı söhbətlərdə Rusiya liderinin dəvəti qəbul edəcəyinə şübhə ilə yanaşıb.
Bununla yanaşı, Rubio Vaşinqtonun Moskva ilə əlaqələri saxlamaq, o cümlədən Rusiyanın xarici işlər naziri Sergey Lavrovu beynəlxalq görüşlərə dəvət etmək qərarını müdafiə edib. Onun sözlərinə görə, münaqişənin həlli üçün hər iki tərəflə dialoq aparmaq vacibdir.
Rubio Rusiyanın nüvə arsenalını və gərginliyin daha da artması riskini azaltmaq üçün əlaqə kanallarının qorunmasının zəruriliyini də xatırladıb.
“Azadlıq Radiosu”nun mənbələrinin bildirdiyinə görə, Rubio Ukraynanın yaxın perspektivdə NATO-ya üzvlüyünü real hesab etmir və Moskvanın bu ehtimalı qəti şəkildə rədd etdiyini vurğulayır.
ABŞ dövlət katibi avropalı həmkarlarını bir məqam barədə də xəbərdar edib: Rusiya Donbasın bütün ərazisini ələ keçirsə belə, bu, Kremlin ərazi ambisiyalarını təmin etməyəcək.
