Ürəyin dayanması heç də həmişə beyin fəaliyyətinin dərhal sona çatması demək deyil. Yeni araşdırma göstərib ki, bəzi xəstələr hətta reanimasiya tədbirləri zamanı səsləri qəbul edə və yadda saxlaya bilərlər. Həyata qaytarıldıqdan sonra təcrübə iştirakçıları kritik anlarda səsləndirilən melodiyaları və digər səsləri tanıya biliblər.
Bu barədə Daily Mail nəşri məlumat yayıb.
Araşdırmada Böyük Britaniya və İspaniyanın 13 xəstəxanasından 140-dan çox pasiyent iştirak edib. Onların hamısında ürəyin dayanması riski olub. Reanimasiyanın ilk iki dəqiqəsində alimlər beynin belə vəziyyətdə məlumatı qəbul edib-etmədiyini yoxlamaq üçün dinamiklər vasitəsilə müxtəlif səslər səsləndiriblər.
İştirakçılar üç qrupa bölünüblər. Birinci qrupa təbiət səsləri – quşların cəh-cəhi, yağışın və dəniz dalğalarının səsi dinlədilib. İkinci və üçüncü qruplara isə pasiyentlərin əvvəldən tanıdıqları musiqi əsərləri ilə əlaqələndirməyəcəkləri xüsusi hazırlanmış melodiyalar səsləndirilib.
İlk iki qrupda səslərin ötürülməsi üçün kvant kompüteri və kvant dolaşıqlığı mexanizmindən istifadə edən xüsusi sistem tətbiq olunub. Bu sistem hansı audio siqnalların səsləndiriləcəyini, hansılarının isə zəiflədiləcəyini müəyyən edib. Üçüncü qrupda belə mexanizmdən istifadə olunmayıb.
Alimlər nəyi müəyyən ediblər?
Pasiyentlər həyata qaytarıldıqdan sonra onlara 10 sualdan ibarət test təqdim edilib. Onlardan reanimasiya zamanı eşitmiş ola biləcəkləri beş səsi müəyyənləşdirmək və bunları tanımadıqları beş səsdən fərqləndirmək tələb olunub.
Nəticələr fərqli olub. İlk iki qrupun iştirakçıları orta hesabla 10 səsdən 6-7-ni düzgün tanıyıblar. Üçüncü qrupda isə düzgün cavabların sayı təxminən beş olub. Bu göstərici təsadüfi təxmin etməklə əldə edilə biləcək nəticəyə uyğun gəlir.
Tədqiqatçılar hesab edirlər ki, əldə olunan nəticələr geriyə dönə bilən klinik ölüm zamanı belə şüurun bəzi təzahürlərinin qorunub saxlanıla biləcəyini göstərir.
Təcrübənin daha bir maraqlı xüsusiyyəti beyindəki oksigen səviyyəsi ilə bağlıdır. Qanda oksigenlə doyma göstəricisi daha aşağı olan pasiyentlər reanimasiya zamanı səsləndirilən səsləri daha yaxşı tanıyıblar. Bundan başqa, onlarda ölümə yaxın təcrübələrin daha intensiv olduğu müşahidə edilib.
Bu müşahidələr alimləri qan dövranının ciddi pozulduğu və orqanizmin güclü fiziki stress keçirdiyi şəraitdə beynin fəaliyyətinə yenidən baxmağa vadar edir.
Ürək dayandıqdan sonra beyin niyə fəaliyyətini davam etdirə bilər?
Tədqiqatın müəllifləri diqqətə çatdırırlar ki, klinik ölüm orqanizmin geri dönməz şəkildə məhv olması demək deyil. Ürək dayandıqda qan dövranı pozulur, lakin ürək-ağciyər reanimasiyası zamanı müəyyən miqdarda qan beyinə çatmağa davam edir.
Buna görə də ürəyin fəaliyyətini dayandırması sinir sistemindəki bütün proseslərin dərhal yox olması ilə mütləq şəkildə müşayiət olunmur.
Yeni nəticələr əvvəllər aparılmış elmi müşahidələrlə də uyğun gəlir. Həmin tədqiqatlarda alimlər ölüm ayağında olan insanların beynində təşkilatlanmış elektrik aktivliyinin qısa müddətli artımlarını qeydə alıblar. Aşkar edilən bəzi qanunauyğunluqlar məlumatların emalı və şüurun mümkün təzahürləri ilə əlaqələndirilir.
Alimlər bu müşahidələrlə ürəyi dayanıb həyata qaytarılan insanların danışdıqları qeyri-adi təcrübələri izah etməyə çalışırlar. Onlardan bəziləri parlaq işıq gördüklərini, həyatlarının ayrı-ayrı epizodlarını xatırladıqlarını və ya düşüncələrinin qeyri-adi dərəcədə aydın olduğunu bildirirlər.
Ehtimal olunur ki, beynin müəyyən aktivliyi belə hisslərin yaranması və xatirələrin formalaşması üçün kifayət qədər müddət davam edə bilər.
Bununla belə, tədqiqat müəllifləri vurğulayırlar ki, nəticələr ölümdən sonra həyatın mövcudluğunu sübut etmir. Araşdırma geriyə dönə bilən ürək dayanması hallarını əhatə edir və geri dönməz ölümdən sonra şüurda nələrin baş verdiyini müəyyən etməyə imkan vermir.
Reanimasiya zamanı həkimlərə niyə xəstə ilə danışmaq tövsiyə olunur?
Tədqiqatın tibb üçün praktiki əhəmiyyəti də var. Alimlər hesab edirlər ki, reanimasiya zamanı insanın xarici təsirlərə reaksiya verməməsi onun baş verənləri tamamilə qəbul etmək qabiliyyətini itirməsi demək deyil.
Buna görə də tibb işçilərinə kritik vəziyyətdə olan pasiyentlərə hörmətlə yanaşmaq və hətta reanimasiya tədbirləri zamanı onlarla danışmağa davam etmək tövsiyə olunur.
Tədqiqatçılar qeyd edirlər ki, bəzi insanlar həyata qaytarıldıqdan sonra reanimasiya zamanı baş vermiş ayrı-ayrı hadisələri və söhbətləri xatırlaya bilirlər.
Bundan başqa, mütəxəssislər pasiyentlər ayıldıqdan sonra onlardan qeyri-adi xatirələri barədə soruşmağı və ehtiyac olduqda psixoloji dəstək göstərməyi məsləhət görürlər. Belə təcrübələr insan üçün böyük əhəmiyyət daşıya, eyni zamanda baş verənləri anlamaqda çətinlik yarada bilər.
N.Talıblı
