Hörmüz boğazının bağlanması Avropaya 127 milyard avroya başa gəlib. Buna səbəb qalıq yanacağın qiymətinin artması olub. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen çərşənbə axşamı Brüsseldə keçirilən tədbirdə belə açıqlama verib.
Bu barədə “Rapporteur” məlumat yayıb.
Onun sözlərinə görə, İranla müharibənin başlamasından sonra neft və qaz qiymətlərinin kəskin artması Avropa İttifaqının qalıq yanacaqlardan asılılığını azaltmasının vacibliyini açıq şəkildə nümayiş etdirib.
Fevralın sonunda ABŞ və İsrailin İrana zərbələrindən əvvəl dünya üzrə dəniz yolu ilə daşınan neft və mayeləşdirilmiş təbii qazın təxminən beşdə biri Hörmüz boğazından keçirdi.
Münaqişə başlayandan sonra Tehran bu strateji əhəmiyyətli dəniz marşrutunu faktiki olaraq blokadaya alıb.
Fon der Lyayenin açıqlaması regionda münaqişənin yenidən kəskinləşə biləcəyi ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edib.
