2027-ci ilin dövlət büdcəsi layihəsində təhsil xərcləri üçün 5 milyard 98 milyon 986 min manat vəsait nəzərdə tutulub. Bu məbləğ məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin, eləcə də təhsil sahəsində digər tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Büdcə layihəsinə əsasən, təhsil xərclərində ən böyük pay ümumi təhsilin və təhsil sahəsində digər müəssisə və tədbirlərin üzərinə düşür.
Ümumi təhsilə 2,1 milyard manat ayrılır
2027-ci ildə ümumi təhsil üçün 2 milyard 185 milyon 406 min 764 manat vəsait nəzərdə tutulub. Bu, təhsil xərclərinin təxminən 42,9 faizidir.
Məktəbəqədər təhsilin maliyyələşdirilməsinə 434 milyon 773 min 917 manat ayrılması planlaşdırılır.
Digər istiqamətlər üzrə nəzərdə tutulan vəsaitlər belədir:
Peşə təhsili: 115 milyon 405 min 379 manat;
Orta ixtisas təhsili: 102 milyon 106 min 990 manat;
Ali təhsil: 240 milyon 553 min 245 manat;
Əlavə təhsil: 17 milyon 366 min 617 manat;
Təhsil sahəsində tətbiqi tədqiqatlar: 8 milyon 259 min 199 manat.
Təhsil xərclərinin 1,99 milyard manatı digər müəssisə və tədbirlərə yönəldiləcək
Büdcə layihəsində diqqət çəkən əsas məqamlardan biri də “təhsil sahəsində digər müəssisə və tədbirlər” üçün nəzərdə tutulan vəsaitdir. Bu istiqamətə 1 milyard 995 milyon 114 min 250 manat ayrılması planlaşdırılır.
Həmin məbləğ ümumi təhsil xərclərinin təxminən 39,1 faizini təşkil edir. Lakin təqdim olunan bölgüdə bu vəsaitin hansı konkret müəssisə və tədbirlər arasında bölüşdürüləcəyi açıqlanmır.
Beləliklə, ümumi təhsil və digər təhsil müəssisələri və tədbirləri üçün nəzərdə tutulan vəsait birlikdə təhsil büdcəsinin 80 faizindən çoxunu təşkil edir.
2027-ci ilin təhsil büdcəsində əsas rəqəmlər
| İstiqamət | Məbləğ |
|---|---|
| Ümumi təhsil | 2,185 mlrd. manat |
| Digər müəssisə və tədbirlər | 1,995 mlrd. manat |
| Məktəbəqədər təhsil | 434,8 mln. manat |
| Ali təhsil | 240,6 mln. manat |
| Peşə təhsili | 115,4 mln. manat |
| Orta ixtisas təhsili | 102,1 mln. manat |
Qeyd edək ki, bunlar 2027-ci ilin dövlət büdcəsi layihəsində nəzərdə tutulan xərclərdir. Vəsaitlərin yekun bölgüsü büdcənin təsdiqlənmiş variantına uyğun müəyyənləşəcək.
Samir Abdulla
