Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir?

User 04 Noyabr 2026 - 13:36 (Last updated: 04 Noyabr 2026 - 13:33)
restoran

restoran

Restoran biznesinin görünməyən tərəfləri

Restoran biznesi ilk baxışdan gəlirli və cəlbedici sahə təsiri bağışlayır. Yeni restoranların, kafelərin, fast-food məkanlarının və müxtəlif konseptli iaşə obyektlərinin açılması bu bazara marağın davam etdiyini göstərir. Lakin restoranın açılması ilə onun davamlı və rentabelli fəaliyyət göstərməsi eyni şey deyil.

Bu biznesdə müştəri cəlb etmək qədər onu qoruyub saxlamaq, xərcləri idarə etmək, keyfiyyəti təmin etmək və düzgün vergi strategiyası qurmaq da vacibdir. Əslində, restoran biznesi yalnız yemək satışı deyil. Bu, kənd təsərrüfatından ərzaq təchizatına, logistika və icarədən məşğulluğa, turizmdən xidmət sektoruna qədər bir çox istiqamətlə əlaqəli iqtisadi fəaliyyət sahəsidir. Ona görə də bu bazarda baş verən dəyişikliklər təkcə sahibkarların deyil, bütövlükdə iqtisadiyyatın və istehlakçıların maraqlarına təsir göstərir.

Bazar böyüyür, bəs biznesin dayanıqlılığı necədir?

Azərbaycanda ictimai iaşə bazarının iqtisadi göstəriciləri sahənin inkişaf etdiyini göstərir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanan açıqlamaya görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2 milyard 309,8 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artım deməkdir. Özəl sektorda dövriyyənin təxminən yarısı hüquqi şəxslərin, digər yarısı isə fərdi sahibkarların payına düşüb. Bu göstəricilər bazarın iqtisadi fəallığını təsdiqləsə də, artımı avtomatik olaraq restoranların mənfəətinin yüksəlməsi kimi qiymətləndirmək olmaz. Dövriyyə ilə xalis mənfəət fərqli anlayışlardır. Restoranın satışları arta bilər, amma ərzaq, icarə, əməkhaqqı, kommunal xidmətlər, logistika və vergi xərclərinin yüksəlməsi nəticəsində real mənfəət azala bilər. Digər tərəfdən, bazarda rəqabət də güclənir. Müştəri artıq yalnız yeməyin dadına görə seçim etmir. Qiymət, xidmət sürəti, məkanın rahatlığı, təmizlik, menyunun müxtəlifliyi, onlayn sifariş imkanları və ümumi müştəri təcrübəsi seçimə təsir edir.

Bəs, restoran biznesinin əsas problemləri hansılardır?

Bu sahədə ilk ciddi məsələ xərclərin düzgün idarə edilməsidir. Ərzaq məhsullarının qiymətindəki dəyişikliklər, idxaldan asılılıq, mövsümi bahalaşma və təchizat zəncirindəki problemlər restoranların maya dəyərinə birbaşa təsir göstərir. Restoranın menyusunda hər hansı yeməyin qiymətini müəyyən edərkən yalnız ərzağın alış qiymətini hesablamaq kifayət deyil. Həmin məhsulun hazırlanması, əməkhaqqı, enerji sərfiyyatı, icarə, avadanlığın amortizasiyası və digər əməliyyat xərcləri də nəzərə alınmalıdır. Bu hesablamalar düzgün aparılmadıqda restoran yüksək satış dövriyyəsinə baxmayaraq zərərlə işləyə bilər.

İkinci problem qeyri-formal məşğulluq və maliyyə uçotunun zəifliyidir. İşçilərin bəzən əmək müqaviləsi olmadan çalışdırılması, real əməkhaqqının tam göstərilməməsi, məhsul alışlarının sənədləşdirilməməsi və satışların bir hissəsinin uçotdan kənarda qalması uzunmüddətli perspektivdə həm sahibkar, həm də dövlət üçün risk yaradır.

Üçüncü məsələ kadr hazırlığıdır. Restoranın uğuru yalnız aşpazın bacarığından asılı deyil. Ofisiant, administrator, menecer, satınalma və müştəri xidmətləri əməkdaşlarının peşəkarlığı ümumi xidmət keyfiyyətini müəyyən edir. Xüsusilə müştəri ilə ünsiyyət, şikayətlərin idarə edilməsi və xidmət standartları sahəsində peşəkar yanaşmaya ehtiyac var. Bundan başqa, qida təhlükəsizliyi, sanitar-gigiyenik normalar, məhsulların saxlanma şəraiti və mənşəyinin izlənilməsi restoran biznesinin əsas şərtlərindən olmalıdır. Bu məsələlərdə qənaət etmək sonradan daha böyük maliyyə və reputasiya itkisinə səbəb ola bilər.
Restoran biznesində ən çox diqqət tələb edən məsələlərdən biri isə vergi rejiminin düzgün seçilməsidir. Çünki vergi yükü yalnız büdcəyə ödənilən məbləğ deyil, həm də məhsulun maya dəyərinə, satış qiymətinə, pul axınına və biznesin inkişaf imkanlarına təsir edən amildir.

Azərbaycanda ictimai iaşə fəaliyyəti üçün 8 faiz vergi dərəcəsi mövcuddur. Lakin bu, ƏDV deyil, sadələşdirilmiş vergidir. Vergi Məcəlləsinin 218-ci maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər müəyyən şərtlərlə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ictimai iaşə fəaliyyəti subyektləri üçün 8 faizlik sadələşdirilmiş vergi rejimi nəzərdə tutulur. Bu vergi mənfəətdən deyil, vergitutma obyektini təşkil edən dövriyyədən hesablanır. Bu fərq sahibkar üçün olduqca əhəmiyyətlidir. Çünki restoranın dövriyyəsi yüksək, mənfəət marjası isə aşağı ola bilər. Belə vəziyyətdə 8 faizin xalis mənfəətə deyil, dövriyyəyə tətbiq edilməsi sahibkarın real vergi yükünü ağırlaşdıra bilər.
Məsələn, aylıq vergitutma dövriyyəsi 100 min manat olan və 8 faiz rejimində fəaliyyət göstərən restoranın sadələşdirilmiş vergi öhdəliyi 8 min manat təşkil edir. Bu məbləğdən ərzaq, əməkhaqqı, icarə və digər xərclər çıxılmır.

Deməli, dövriyyənin böyüklüyü heç də biznesin yüksək gəlirliliyini ifadə etmir. Bu məsələdə sahibkarların diqqət yetirməli olduğu mühüm yenilik var. 2026-cı il yanvarın 1-dən etibarən üç il müddətinə 8 faiz sadələşdirilmiş vergi ödəyən ictimai iaşə subyektlərinin əhaliyə göstərdikləri xidmətlər üzrə POS-terminal vasitəsilə, nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya olunmuş qaydada həyata keçirilən nağdsız ödənişlərindən formalaşan dövriyyəyə 6 faiz dərəcə tətbiq edilir. Nağd ödənişlərə isə 8 faiz dərəcə tətbiq olunmağa davam edir. Bu, nağdsız ödənişlərin stimullaşdırılması baxımından əhəmiyyətli addımdır. Eyni zamanda, restoranları POS-terminal və nəzarət-kassa sistemlərinin inteqrasiyasına, satışların daha şəffaf uçotuna təşviq edir.

Məsələn, bir restoranın ay ərzində 100 min manat vergitutma dövriyyəsi olduğunu və bunun 60 min manatının müvafiq inteqrasiya olunmuş POS-terminal vasitəsilə, 40 min manatının isə nağd ödənildiyini fərz edək:
60 000 manat × 6% = 3 600 manat; 40 000 manat × 8% = 3 200 manat. Beləliklə, ümumi sadələşdirilmiş vergi 6 800 manat təşkil edir. Əgər bütün dövriyyə 8 faizlə vergiyə cəlb edilsəydi, məbləğ 8 min manat olardı. Fərq 1 200 manatdır.
Bu nümunə güzəştin real iqtisadi təsirini göstərir. Məncə, restoran biznesində vergi siyasətinə dair müzakirələrdə ən çox diqqət ayrılmalı məsələlərdən biri məhz ƏDV-nin əvəzləşdirilməsidir.

Əvvəlcə bir fərqi izah edək. Sadələşdirilmiş vergi ödəyicisi olan restoran 8 və ya 6 faiz sadələşdirilmiş vergi ödədiyi halda, alışları zamanı ödədiyi ƏDV-ni çıxılma yolu ilə əvəzləşdirə bilmir. Çünki bu rejimdə o, ƏDV ödəyicisi deyil.
ƏDV qeydiyyatında olan restoranlarda isə mexanizm fərqlidir. Standart ƏDV dərəcəsi 18 faizdir. Restoran satışlarına görə hesablanan ƏDV-dən qanunvericiliyin tələblərinə uyğun olaraq alışlar zamanı ödənilmiş və əvəzləşdirilməsinə icazə verilən ƏDV çıxılır. Büdcəyə ödəniləcək məbləğ bu iki göstəricinin fərqindən formalaşır.

Ancaq burada vacib bir nüans var. Hər alış üzrə ödənilən ƏDV avtomatik olaraq əvəzləşdirilmir. Bunun üçün müvafiq elektron qaimə-faktura olmalı, alış sahibkarlıq fəaliyyəti və ƏDV tutulan əməliyyatlar üçün istifadə edilməli, malın və ya xidmətin dəyəri qanunvericiliyə uyğun bank hesabı vasitəsilə, ƏDV məbləği isə ƏDV depozit hesabına ödənilməlidir. Restoran biznesində bu məsələ xüsusilə aktualdır. Çünki ərzaq məhsulları, içkilər, avadanlıqlar, təmizlik vasitələri, mebel, texniki xidmət, icarə və digər əməliyyatlar üzrə alışlar çoxsaylı təchizatçılarla aparılır. Təchizatçının ƏDV ödəyicisi olmaması və ya alışın lazımi qaydada sənədləşdirilməməsi restoranın ƏDV-ni əvəzləşdirmək imkanına təsir edir.

Burada başqa bir iqtisadi problem də meydana çıxır. Belə ki, restoranın alışlarının bir hissəsi ƏDV-li, digər hissəsi isə ƏDV-siz ola bilər. Bu isə sahibkarın faktiki vergi yükünün və maya dəyərinin hesablanmasını çətinləşdirir. 2026-cı il yanvarın 1-dən üç il müddətinə ƏDV qeydiyyatında olan ictimai iaşə subyektlərinin POS-terminal vasitəsilə həyata keçirdikləri nağdsız dövriyyənin 50 faizi ƏDV tutulan ümumi dövriyyədən çıxılır. Amma bu, alışlar üzrə ƏDV əvəzləşməsinin 50 faiz artırılması demək deyil. Söhbət satış dövriyyəsinin müəyyən hissəsinin ƏDV hesablanarkən vergitutma bazasından çıxılmasından gedir. Həmin azalma nəticəsində yaranan gəlir də qanunda nəzərdə tutulan qaydada mənfəət və ya gəlir vergisindən azad edilir. Bu güzəşt nağdsız ödənişlərin təşviqi və restoranların vergi yükünün azaldılması baxımından müsbət addımdır. Lakin, burada bəzi məqamlara diqqət yetirməliyik.

Restoranların vergi rejimi seçimi onların real iqtisadi fəaliyyətinə nə dərəcədə uyğun gəlir?

Dövriyyəsi yüksək, amma mənfəət marjası aşağı olan restoranla yüksək rentabelliliklə çalışan restoranın eyni dövriyyə əsaslı vergi yükünü daşıması nə dərəcədə ədalətlidir? 2026-cı ildən qüvvəyə minən digər mühüm dəyişiklik də var. 8 faiz sadələşdirilmiş vergi ödəyən ictimai iaşə subyektləri müəyyən şərtlərlə 2 faiz dərəcə ilə fəaliyyətlərini davam etdirmək hüququ əldə edə bilərlər.
Bunun üçün əvvəlki tam 12 təqvim ayı üzrə vergiyə cəlb olunan əməliyyatların ümumi məbləği 100 min manatdan çox olmamalıdır; Sahibkar mövcud vergi rejimində ən azı bir il fəaliyyət göstərməlidir; Vergi orqanına rəsmi müraciət edilməlidir. Bu hədd hesablanarkən müvafiq POS-terminal vasitəsilə həyata keçirilən nağdsız dövriyyə 50 faiz azaldılmaqla nəzərə alınır. Bu dəyişiklik kiçik iaşə obyektləri üçün vergi yükünün optimallaşdırılması baxımından əhəmiyyətlidir.

Beləliklə, 2026-cı ildə restoran biznesi üçün sadələşdirilmiş vergi rejimində 2, 6 və 8 faizlik dərəcələr, ƏDV rejimində isə ayrıca güzəşt mexanizmi mövcuddur. Bunları bir-birinə qarışdırmaq olmaz. Sahibkarın hansı rejimi seçməsi dövriyyəsindən, fəaliyyət modelindən, alışlarının sənədləşdirilməsindən və real mənfəət marjasından asılı olaraq qiymətləndirilməlidir. Bu baxımdan, ictimai iaşə sektorunda vergi rejimlərinin iqtisadi nəticələrinin daha dərindən təhlil edilməsinə ehtiyac var. Xüsusilə kiçik və orta restoranlar üçün vergi yükünün onların real mənfəətliliyinə uyğun qiymətləndirilməsi, sənədləşdirilmiş alışların təşviqi və ƏDV əvəzləşməsinin praktik tətbiqində sahibkarların məlumatlandırılması vacibdir.

Çinarə Ağayeva
Biznes məsləhətçi

AzPost.az

Post navigation

Previous: Google-dan məktəblərə şərt – Süni intellektə “yox” deyənlər axtarış edə bilməyəcək
Next: Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq

Oxşar xəbərlər

default
  • İqtisadiyyat

Qarabağın bərpasna 3,4 milyard manat – 2027-ci ildə hansı işlər görüləcək?

User 04 Noyabr 2026 - 11:06
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 04 Noyabr 2026 - 09:14
lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40

xƏBƏR

yol yaqis
  • Sosial

Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək

User 04 Noyabr 2026 - 14:43
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da! 800x500
  • Sosial

“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da!

User 04 Noyabr 2026 - 14:26
Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq senator sayed
  • Dünya

Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq

User 04 Noyabr 2026 - 13:56
Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir? restoran
  • İqtisadiyyat

Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir?

User 04 Noyabr 2026 - 13:36
Google-dan məktəblərə şərt – Süni intellektə “yox” deyənlər axtarış edə bilməyəcək sagird suni intellekt mekteb
  • Sosial

Google-dan məktəblərə şərt – Süni intellektə “yox” deyənlər axtarış edə bilməyəcək

User 04 Noyabr 2026 - 13:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.