Qaraciyər orqanizmdə bir sıra həyati əhəmiyyətli funksiyaları yerinə yetirir. O, yalnız enerji ehtiyatlarının saxlanması və zülalların sintezi kimi maddələr mübadiləsi proseslərində iştirak etmir, həm də orqanizmi toksinlərdən təmizləyən təbii filtr rolunu oynayır.
Lakin bu orqan müxtəlif zərərli təsirlərə məruz qala bilər.
“Express” qəzetinin yazdığına görə, ətraf mühitin çirklənməsi, qeyri-sağlam qidalanma, alkoqoldan sui-istifadə və bəzi dərman preparatları qaraciyərin zədələnməsinə səbəb ola bilər.
Nəticədə zaman keçdikcə müxtəlif qaraciyər xəstəlikləri yarana bilər. Bu xəstəliklər ürəkbulanma, qarında ağırlıq hissi, başgicəllənmə və ishal kimi əlamətlərlə özünü göstərə bilər. Əgər bu simptomlar davam edirsə və adi yorğunluqla əlaqəli deyilsə, həkimə müraciət etmək vacibdir.
Aşağıda qaraciyərin zərərli maddələrin təsirindən zədələnə biləcəyini göstərən 10 əlaməti təqdim edirik.
1. Sidiyin və nəcisin rənginin dəyişməsi
Sidiyin və ya nəcisin rənginin dəyişməsi qaraciyərdə daxili problemlərin göstəricisi ola bilər. Qaraciyər toksinlərin emalını lazımi qaydada həyata keçirə bilmədikdə, bu, ifrazatın rənginə və qoxusuna təsir göstərə bilər. Nəticədə onların rəngi qeyri-adi dərəcədə açıq və ya tünd ola bilər.
2. Qarın nahiyəsində spazmlar və iltihab
Qarında spazmlar və tez-tez yaranan narahatlıq qaraciyərin orqanizmin təmizlənməsi prosesində problemlə üzləşdiyini göstərə bilər. Bu simptomlar çox vaxt köp və qazla müşayiət olunur ki, bu da həzm sisteminin fəaliyyətində pozuntulara işarə edə bilər.
3. Dərinin qıcıqlanması
Qaraciyərin fəaliyyəti pozulduqda dəridə qaşınma, dermatit və quruluq kimi problemlər yarana bilər. Nəmləndirici vasitələrdən istifadə edilməsinə baxmayaraq, bu əlamətlər təkrarlana bilər. Çünki problemin səbəbi dərinin özündə deyil, orqanizmdəki daxili pozuntularda ola bilər.
4. Mədə yanması
Mədə yanması həzm sistemi xəstəliklərinin, o cümlədən bəzi qaraciyər problemlərinin müşayiət etdiyi əlamətlərdən biridir. Lakin bu simptom təkbaşına qaraciyərin zədələnməsini göstərmir.
5. İshal
Aydın səbəb olmadan davamlı ishal qaraciyər problemləri ilə əlaqəli ola bilər. Belə hal uzun müddət davam edərsə, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək lazımdır.
6. Yorğunluq hissi
Qaraciyərin fəaliyyətindəki pozuntular qanın normal tərkibinə və orqanizmin enerji mübadiləsinə təsir göstərə bilər. Bu isə güclü yorğunluğa, fiziki və zehni aktivliyin azalmasına səbəb ola bilər.
7. İştahanın qəfil azalması
Bir neçə gün və ya daha uzun müddət davam edən iştahasızlıq narahatedici əlamət ola bilər. Qaraciyərin normal fəaliyyətinin pozulması iştahaya təsir göstərə və nəticədə orqanizmdə qida maddələrinin çatışmazlığına səbəb ola bilər.
8. Orqanizmdə mayenin yığılması
Bədəndə mayenin saxlanması çox vaxt böyrək problemləri ilə əlaqələndirilsə də, qaraciyərin fəaliyyətindəki pozuntular da buna səbəb ola bilər. Bu zaman ayaqlarda, pəncələrdə və bədənin digər nahiyələrində şişkinlik yaranır. Şişmiş nahiyəyə barmaqla basdıqda dəridə çökəklik qala bilər.
9. Dərinin saralması
Dərinin saralması qaraciyər xəstəliklərinin ən aydın əlamətlərindən biridir. Bu hal qanda bilirubinin toplanması ilə əlaqədardır. Qaraciyər bilirubini lazımi qaydada emal edib xaric edə bilmədikdə onun qandakı miqdarı artır və dəri sarımtıl rəng alır.
10. Əzələ və oynaqlarda ağrılar
Əzələ və oynaqlarda tez-tez ağrıların yaranması, eləcə də dəridə səbəbsiz göyərmələrin əmələ gəlməsi qaraciyər problemləri ilə əlaqəli ola bilər. Qaraciyərin normal fəaliyyətinin pozulması orqanizmin ümumi vəziyyətinə də təsir göstərir.
Bu əlamətlərdən hər hansı birini müşahidə etdikdə həkimə müraciəti gecikdirməmək vacibdir. Vaxtında müayinə problemin səbəbini müəyyənləşdirməyə və müalicəyə başlamağa imkan verir.
Sunay Aydın
