Gələcəkdə istilik dalğaları son illərdə bəşəriyyətin üzləşdiyi anomal isti dövrlərdən daha amansız olacaq. Müxtəlif bölgələrdə 2015–2023-cü illər ərzində baş vermiş doqquz böyük istilik dalğasını təhlil edən iqlimşünaslar bu qənaətə gəliblər.
Azpost.info bildirir ki, tədqiqatın nəticələri Nature Communications jurnalında dərc olunub.
Alimlər istilik dalğası dedikdə temperaturun ən azı üç gün ardıcıl olaraq yerli iqlim göstəricilərinin 90 faizindən yüksək olduğu dövrü nəzərdə tutublar. Seçilmiş doqquz istilik dalğasının hər biri XXI əsr üçün modelləşdirilmiş hadisələrlə altı meyar üzrə müqayisə edilib. Bu meyarlara istilərin davametmə müddəti, əhatə etdiyi ərazi, toplanmış istilik və intensivlik daxildir.
İqlimşünasların proqnozlarına görə, hətta ən yumşaq ssenaridə belə, yəni atmosferə karbon qazı emissiyalarının aşağı səviyyədə saxlanıldığı halda ciddi problemlər yaranacaq. Doqquz bölgənin beşində istilik dalğaları ardıcıl olaraq altı aya qədər davam edə bilər. Bu dövrlərin bir çoxunda toplanan istilik indiki anomal isti dalğalarla müqayisədə iki dəfə çox olacaq.
Emissiyaların yüksək səviyyədə qalacağı təqdirdə isə istilik dalğalarının gətirdiyi istilik yükü indiki göstəricidən beş dəfə çox ola bilər.
Əgər ölkələr qlobal istiləşməni 2,6–2,8 dərəcə Selsi səviyyəsində saxlamağa yönəlmiş Paris Sazişi üzrə öhdəliklərini yerinə yetirməsələr, çoxsaylı istilik dalğaları qiymətləndirmənin bütün altı meyarı üzrə rekord göstəricilərə çatacaq.
Beləliklə, bəşəriyyət indiyədək qarşılaşmadığı ekstremal istilik hadisələrinə hazırlaşmalı, şəhər infrastrukturunu, enerji sistemini və səhiyyə xidmətlərini bu təhlükələrə uyğunlaşdırmalıdır.
Nadir
