Kosmos
Yerdənkənar həyatın mümkün izlərini axtaran beynəlxalq tədqiqatçılar qrupu qeyri-adi radio siqnalı qeydə alıb. Çin alimlərinin rəhbərlik etdiyi komanda siqnalı üç planetin olduğu ulduz sistemindən qəbul edib. Həmin planetlərdən biri potensial yaşayış zonası yaxınlığında yerləşir.
Azpost.info bildirir ki, bu barədə Daily Mail nəşri məlumat yayıb.
NBS 260108 adlandırılan siqnal 2021-ci ildə Çinin FAST radio teleskopu tərəfindən toplanmış məlumatların təkrar təhlili zamanı aşkarlanıb.
Alimlərin xüsusi marağına səbəb Yerdən 238 işıq ili məsafəsində yerləşən K2-155 ulduz sistemi olub. Bu ulduzun ətrafında üç super Yer fırlanır. Onlardan biri — K2-155d potensial yaşayış zonasında yerləşir. Planetin radiusu Yerdəkindən təxminən 1,6 dəfə böyükdür, onun bir ili isə 40,7 Yer sutkası davam edir.
Siqnalın dar tezlik diapazonunda olması alimlərin diqqətini çəkib. Belə xüsusiyyət süni ötürücülər üçün xarakterikdir. Bundan başqa, siqnalın tezliyinin tədricən azalması da müşahidə olunub. Bu, mənbənin Yerə nisbətən hərəkəti ilə bağlı ola bilər.
Siqnal FAST teleskopunun 19 qəbuledici şüasından yalnız K2-155 sisteminə yönəlmiş birində qeydə alınıb. Bundan əlavə, siqnal YY polyarizasiya kanalında mövcud olub, lakin XX kanalında müşahidə edilməyib.
Tədqiqatçılar vurğulayırlar ki, qeyri-adi radio siqnalının aşkarlanması onun yerdənkənar mənşəli olduğunu sübut etmir. Mənbəni müəyyənləşdirmək üçün komanda FAST teleskopunun bütün 19 qəbuledici şüasından əldə edilən məlumatların təhlilini təkmilləşdirməyi və əlavə yoxlamalar aparmağı planlaşdırır.
Bu araşdırmalar siqnalın həqiqətən kosmosdan gəldiyini, yoxsa Yer üzündəki texniki maneələr nəticəsində yarandığını müəyyən etməyə kömək edəcək.
Sunay Aydın
