Amerikalı aktyor Silvestr Stallone bildirib ki, Arnold Şvartseneggerlə uzun illər davam edən rəqabətləri yalnız 20 ildən sonra – “Terminator” filminin ulduzu siyasətə qoşulmaq qərarına gəldikdən sonra başa çatıb.
“Bu, yalnız təxminən 20 ildən sonra sona çatdı”, – deyə 80 yaşlı aktyor Rest Is Entertainment podkastında etiraf edib.
“Tulsa kralı” serialının ulduzunun sözlərinə görə, onun Şvartsenegerlə (hazırda 79 yaşı var) münasibətləri o qədər gərgin olub ki, onlar hətta birlikdə səhnəyə çıxaraq çıxış edə və ya tamaşaçılara nəsə təqdim edə bilməyiblər. Bu, hər iki aktyorun “Planet Hollywood” restoranlar şəbəkəsinin ortaq sahibi olduğu dövrdə də davam edib.
1980–1990-cı illərdə Stallone və Şvartsenegger Hollivudun ən məşhur döyüş filmi ulduzlarından olublar. Birinci aktyor “Rokki” və “Rembo” filmləri ilə, ikinci isə “Terminator”, “Yırtıcı” və “Komando” ekran əsərləri ilə şöhrət qazanıb.
Stallone onların rəqabətini “düşmənçilik səviyyəsində” adlandırıb və döyüş filmləri janrında liderlik uğrunda mübarizənin həm ekran qarşısında, həm də ondan kənarda getdiyini bildirib.
“Bu, əsl qarşıdurma idi, inanın. Mən onu özündən çıxarmağı xoşlayırdım. Onu nə qədər çox əsəbiləşdirirdimsə, növbəti döyüş filmində məni üstələməyə bir o qədər çox çalışırdı. Filmi daha möhtəşəm, daha səs-küylü etmək, daha çox döyüş səhnələri, təsirli epizodlar və möhtəşəm çəkiliş məkanları əlavə etmək istəyirdi. Beləcə, biz daim bir-birimiz üçün standartları yüksəldirdik”, – deyə aktyor danışıb.
Onun sözlərinə görə, münasibətlərdəki gərginlik o həddə çatıb ki, mərhum rejissor Con Hyuzun birgə filmində çəkilmək barədə də razılığa gələ bilməyiblər. Həmin filmdə Stallone və Şvartsenegger qonşuları canlandırmalı idilər.
Vəziyyət 2000-ci illərin əvvəllərində, Şvartsenegger kinodan siyasətə yönəldikdə və Kaliforniya qubernatoru vəzifəsinə namizədliyini irəli sürdükdə dəyişib. Stallone artıq həmkarını rəqib kimi görmədiyini anlayıb.
“Öz-özümə dedim: ‘Bəsdir. Artıq rəqabət aparmırıq’. O, daha filmlərdə çəkilmirdi”, – deyə aktyor xatırlayıb.
Stallone bu fikrə qəti şəkildə təsadüfi bir hadisədən sonra gəlib. O, mağazaların birində Şvartsenegerlə qarşılaşıb və onu daim öz üzərində işləməyə, arxayınlaşmamağa və daha böyük uğurlara can atmağa məcbur etdiyinə görə təşəkkür edib. Aktyorun sözlərinə görə, Şvartsenegger də eyni hissləri keçirirmiş.
Barışdıqdan sonra keçmiş rəqiblər bir neçə filmdə birlikdə çəkiliblər. Bunların arasında “Qeyri-adi döyüşçülər” filminin ikinci və üçüncü hissələri (2012 və 2014), eləcə də “Qaçış planı” (2013) filmi var.
Bu gün Stallone Şvartseneggeri dostu adlandırır. Bununla belə, onların arasındakı rəqabət ruhunun hələ də qaldığını etiraf edir. “Biz həmişə rəqabət aparacağıq. Təbiətimiz belədir və bu, həqiqətən də mənim xoşuma gəlir. Amma artıq maliyyə baxımından bir-birimizlə yarışmırıq. Bu, çoxdan keçmişdə qalıb”, – deyə o bildirib.
Stallonenin fikrincə, eyni janrda çalışan, həm ekranda, həm də ekran arxasında bir-birini üstələməyə çalışan iki aktyor arasında belə bir qarşıdurmanın yenidən yaşanması çətin görünür.
Sunay Aydın
