Pensiyaçı
Pensiya yaşı, sığorta stajı, pensiya kapitalı və indeksləşmə ilə bağlı yeniliklər
Azərbaycanda 2027-ci ildə pensiyaya çıxmağa hazırlaşanları bir neçə mühüm dəyişiklik gözləyir. Pensiya yaşı ilə bağlı mərhələli artım prosesi başa çatıb, əmək pensiyalarının indeksləşdirilməsi mexanizmi yenilənib.
Gələn ilin dövlət büdcəsində isə pensiyaların artırılması üçün yüz milyonlarla manat vəsait nəzərdə tutulub. Xüsusilə pensiya kapitalı, sığorta stajı və gələcək pensiyanın hesablanması məsələləri vətəndaşlar üçün aktuallığını qoruyur.
Bəs 2027-ci ildə pensiyaya çıxmaq istəyənlər hansı şərtlərlə üzləşəcəklər? Pensiyalar nə qədər artacaq? Yeni indeksləşmə qaydası kimlərin pensiyasına necə təsir edəcək?
Qadın və kişilər üçün pensiya yaşı 65 olacaq
2027-ci ildə həm kişilər, həm də qadınlar üçün pensiya yaşı 65 müəyyən edilib.
Kişilər üçün bu yaş həddi 2021-ci il iyulun 1-dən qüvvədədir. Qadınların pensiya yaşı isə hər il 6 ay artırılmaqla mərhələli şəkildə 65-ə çatdırılıb. Sonuncu artım 2026-cı il iyulun 1-də baş verib. Beləliklə, 2027-ci ildə qadınların pensiya yaşının yenidən artırılması nəzərdə tutulmur. Hər iki cins üçün eyni yaş həddi tətbiq ediləcək.
Pensiyaya çıxmaq üçün neçə il staj lazımdır?
65 yaşa çatmaq avtomatik olaraq əmək pensiyası almaq hüququ yaratmır. Bunun üçün fərdi hesabda toplanmış pensiya kapitalı və sığorta stajı da nəzərə alınır. Qanunvericiliyə əsasən, şəxsin fərdi hesabında toplanmış pensiya kapitalı minimum əmək pensiyasından az olmayan pensiya təminatına imkan verirsə, sığorta stajından asılı olmayaraq yaşa görə əmək pensiyası təyin edilə bilər.
Pensiya kapitalı bu məbləğdə pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı tələb olunur. Hazırda minimum əmək pensiyası 320 manatdır. Deməli, pensiya kapitalı kifayət etməyən şəxslər üçün 25 illik sığorta stajı mühüm şərt olaraq qalır.
Pensiyaların 7,5 faiz artırılması gözlənilir
2027-ci ilin pensiya siyasətində diqqət çəkən əsas məqamlardan biri indeksləşmədir.
2027-ci ilin dövlət büdcəsi layihəsində əmək pensiyalarının təxminən 7,5 faiz artırılması proqnozlaşdırılır. Bu məqsədlə 575,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Lakin 7,5 faizi artıq təsdiqlənmiş artım kimi qəbul etmək düzgün olmaz. Yekun indeksləşmə əmsalı 2026-cı il üzrə orta aylıq nominal əməkhaqqının artım göstəricisi əsasında müəyyənləşdiriləcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin açıqlamasına görə, 2027-ci ildə orta aylıq əmək pensiyasının 639 manata, yaşa görə əmək pensiyasının isə 680 manata çatacağı proqnozlaşdırılır.
Yeni indeksləşmə mexanizmi kimlərə təsir edəcək?
2027-ci il yanvarın 1-dən qüvvəyə minən mühüm yeniliklərdən biri pensiyaların indeksləşdirilməsi mexanizminin dəyişməsidir.
Yeni qaydaya əsasən, orta aylıq əməkhaqqı səviyyəsinədək olan pensiya məbləğlərinə indeksləşmə faizi tam tətbiq ediləcək. Pensiyası orta aylıq əməkhaqqından yüksək olan şəxslərdə isə həmin həddi aşan hissəyə daha aşağı əmsallar tətbiq olunacaq. Bununla da yüksək pensiya alanların artımı əvvəlki qaydadan fərqlənəcək. Dəyişikliyin əsas məqsədi indeksləşmədə diferensial yanaşmanın tətbiqidir.
Milli Məclisdə təqdim olunan məlumatlara görə, pensiyaçıların 90 faizdən çoxunun pensiyası orta aylıq əməkhaqqından aşağıdır. Bu səbəbdən yeni mexanizmin əksər pensiyaçılara indeksləşmənin tam tətbiqi baxımından mənfi təsir göstərməyəcəyi bildirilir.
Azərbaycanda nə qədər pensiyaçı var?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il iyulun 1-nə ölkədə 1 milyon 100 min pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib. Həmin tarixə orta aylıq pensiya 594,4 manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 10,5 faiz təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sentyabr açıqlamasına görə isə orta aylıq pensiya 596 manata, yaşa görə orta aylıq pensiya 634 manata yüksəlib. 2026-cı ilin ilk səkkiz ayında pensiyaların ödənilməsinə 5 milyard 222 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 488 milyon manat və ya 10 faiz çoxdur.
Pensiya sisteminə 9,2 milyard manat ayrılır
2027-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 9 milyard 221 milyon manat, xərcləri isə 9 milyard 273 milyon manat proqnozlaşdırılır. Fondun ümumi xərclərinin 96,5 faizinin əhaliyə ödənişlərə yönəldilməsi nəzərdə tutulur. Əmək pensiyalarının ödənilməsi üçün 8 milyard 669 milyon manat ayrılması planlaşdırılır. Bu rəqəmlər pensiya sisteminin maliyyələşdirilməsi üçün nəzərdə tutulan vəsaitin həcminin artdığını göstərir. Eyni zamanda, fondun gəlirlərinin 82,3 faizinin məcburi dövlət sosial sığorta haqları hesabına formalaşacağı proqnozlaşdırılır.
Pensiyaya çıxmağa hazırlaşanlar nəyə diqqət etməlidir?
2027-ci ildə pensiyaya çıxmaq istəyən şəxslər ilk növbədə fərdi hesablarında toplanmış pensiya kapitalını və sığorta stajını yoxlamalıdırlar. Çünki gələcək pensiyanın məbləği hər kəs üçün eyni olmayacaq. Orta aylıq pensiyanın 639-640 manata çatacağı proqnozu yeni pensiyaya çıxan hər kəsin həmin məbləği alacağı anlamına gəlmir. Konkret pensiya məbləği şəxsin fərdi hesabında qeydə alınmış kapitaldan və qanunvericilikdə müəyyən edilmiş hesablanma qaydasından asılıdır.
Vətəndaşlar öz pensiya məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətləri və e-Sosial platforması vasitəsilə yoxlaya bilərlər.
Nəticə etibarilə, 2027-ci ildə əsas dəyişiklik təkcə pensiyaların artırılması ilə məhdudlaşmır. Pensiya yaşının 65-də sabitləşməsi, indeksləşmə mexanizminin yenilənməsi və pensiya sisteminə ayrılan vəsaitin artması gələn ilin sosial təminat gündəliyinin əsas istiqamətləri olacaq.
Samir Abdulla
