Trampın Qafqaz
Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankinin fikrincə, Ermənistan hakimiyyəti Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı Brüsselə rəsmi müraciət etməzdən əvvəl referendum keçirməli və ölkə vətəndaşlarının bu məsələyə münasibətini öyrənməlidir.
Diplomat bu fikri noyabrın 9-da TASS agentliyinə müsahibəsində səsləndirib.
“Sağlam məntiq onu diktə edir ki, əvvəlcə referendum keçirilməli, xalqın rəyi öyrənilməli, yalnız bundan sonra Brüsselə rəsmi müraciət göndərilməlidir. Son vaxtlar Ermənistan rəhbərliyi isə açıq şəkildə bunun əksini müdafiə edir”, – deyə Pankin bildirib.
O qeyd edib ki, Baş nazir Nikol Paşinyan hökumətinin Avropaya inteqrasiya istiqamətindəki siyasəti ziddiyyətli vəziyyət yaradıb. Onun sözlərinə görə, İrəvan Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakdan əldə etdiyi iqtisadi üstünlüklərdən başqa bir birliyə – Avropa İttifaqına qoşulmaq ideyasını təşviq etmək üçün istifadə edir.
Rusiya XİN rəhbərinin müavini vurğulayıb ki, ümumxalq referendumunun keçirilməsi Ermənistanın gələcək inteqrasiya istiqamətinin müəyyənləşdirilməsi ilə bağlı konstitusion qaydalara uyğun olardı. Bununla yanaşı, o, Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etdikdən sonra vətəndaşların rəyinin artıq nəzərə alınmayacağından narahatlığını ifadə edib.
Diplomat Ermənistanla bağlı Aİİ müqaviləsinin fəaliyyətinin dayandırılmasının mümkün nəticələrinə dair hazırlanmış məruzəni də xatırladıb. Onun sözlərinə görə, belə bir addım yalnız ittifaqın digər üzvlərinin iqtisadi təhlükəsizliyini qorumaq məqsədilə son vasitə kimi nəzərdən keçirilir.
