Münasibətləri anlamaq və emosional dəstək göstərmək ailə bağlarının möhkəmliyi üçün romantik səyahətlərdən, bahalı hədiyyələrdən və müntəzəm görüşlərdən daha vacibdir.
Vaşinqton Universitetinin alimləri apardıqları araşdırmada xoşbəxt evliliyin əsasının həyatın çətinliklərini birlikdə yaşamaq bacarığında olduğunu müəyyən ediblər.
“Daily Mail” nəşrinin yazdığına görə, ən möhkəm ailə münasibətlərinə malik cütlüklər yaranan problemləri susaraq ört-basdır etməyə çalışmır və həyat yoldaşının narahatlıqlarına laqeyd yanaşmırlar.
Onlar tərəfdaşlarının emosional vəziyyətindəki dəyişikliklərə dərhal reaksiya verir, hisslərini qəbul edir və hətta ağır böhranlar zamanı belə səmimi ünsiyyəti qoruyurlar.
Evlilikdə üç davranış modeli
Alimlər riyazi model hazırlayarkən münasibətlər üzrə tanınmış mütəxəssis Con Qottmanın uzun illər ərzində apardığı müşahidələrə əsaslanıblar. Onun konsepsiyası əsasında ailə münasibətlərində üç əsas davranış modeli təhlil edilib: təsdiqləyici, impulsiv və qaçınan. “Təsdiqləyici” model ən sağlam münasibət forması hesab olunur. Çünki bu modeldə hər iki tərəf bir-birinin emosional rahatlığına şüurlu şəkildə dəyər verir və çətin vəziyyətlərdən çıxış yollarını birlikdə axtarır.
“İmpulsiv” cütlüklər isə tez-tez qızğın mübahisələrə meyilli olurlar. Bununla belə, onlar hisslərini açıq ifadə edir və emosional baxımdan bir-birindən uzaqlaşmırlar. Ən riskli model münaqişələrdən qaçmaqdır. Bu zaman insanlar müvəqqəti sakitliyi qorumaq üçün həssas mövzuları müzakirə etməkdən yayınırlar.
Lakin zahiri susqunluq yalnız harmoniya görüntüsü yaradır. Əslində isə yığılıb qalan narazılıq ailəni daxilən dağıtmağa davam edir.
Susmaq və laqeydlik ailəni niyə dağıdır?
“Proceedings of the Royal Society A” elmi jurnalında dərc olunan araşdırmanın nəticələri göstərir ki, möhkəm ailə münasibətlərinin əsas şərti mübahisələrin ümumiyyətlə olmaması deyil, yaxın insanın yaşadığı ağrıya verilən reaksiyadır. Həyat yoldaşı kədərləndiyi və ya çətinlik yaşadığı zaman ondan uzaqlaşmaq, baş verənlərə laqeyd qalmaq münasibətlərə ciddi və bəzən düzəldilməsi mümkün olmayan zərər vurur.
Araşdırmanın müəllifləri qeyd edirlər ki, məhz laqeydliyin yaratdığı yüksək emosional zərər harmonik ailələrlə tədricən dağılan münasibətlər arasındakı əsas fərqi müəyyən edir.
Əgər tərəfdaş yaşadığı narahatlıqlarla təkbaşına qalırsa, yığılan inciklik öz-özünə yox olmur.
N.Talıblı
