Tibbi Yardım
Şəkərsiz diabet zamanı qanda qlükozanın səviyyəsi normal qalır, lakin su balansının pozulması səbəbindən orqanizm çox miqdarda maye itirir.
Bu barədə tibb elmləri namizədi, Perm Milli Tədqiqat Politexnik Universitetinin (PNİPU) baş elmi işçisi Valeri Litvinov RT-yə danışıb.
Onun sözlərinə görə, xəstəlik böyrəklərin orqanizmdə suyu saxlamasına kömək edən vazopressin hormonu ilə əlaqədardır. Bu zaman orqanizm ya kifayət qədər vazopressin istehsal etmir, ya da böyrəklər həmin hormona reaksiya verməyi dayandırır. Mütəxəssis bildirib ki, şəkərsiz diabetin əsas əlamətləri insanın daim güclü susuzluq hiss etməsi və çox miqdarda, tez-tez sidiyə getməsidir. Bu hal gecə saatlarında da müşahidə olunur.
V. Litvinovun sözlərinə görə, kifayət qədər maye qəbul edilmədikdə orqanizmdə qısa müddətdə susuzlaşma yarana bilər. Bu isə halsızlıq, dərinin quruması, baş ağrısı və ürək döyüntülərinin sürətlənməsi ilə müşayiət olunur. Elektrolit balansının pozulması daha ciddi nəticələrə – şüurun qarışmasına, qıcolmalara və komaya səbəb ola bilər. Xəstəliyin irsi forması olan azyaşlı uşaqlarda xroniki susuzlaşma inkişaf prosesinə də mənfi təsir göstərə bilər.
Mütəxəssis vurğulayıb ki, müalicə xəstəliyin növündən asılıdır.
Vazopressin çatışmazlığı zamanı onun sintetik analoqu olan desmopressin təyin edilir. Böyrəklərin hormona reaksiya vermədiyi hallarda isə kifayət qədər maye qəbulu əsas şərt hesab olunur. Zərurət yarandıqda dərman preparatlarından da istifadə edilə bilər.
V. Litvinovun sözlərinə görə, xəstəliyi tamamilə sağaltmaq adətən mümkün deyil. Lakin düzgün müalicə və nəzarət sayəsində normal həyat sürmək mümkündür.
Sunay Aydın
