Avropanın çığır-bağırı Trampın vecinə də deyil
ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensi İranla bağlı danışıqlar prosesindən uzaqlaşdırıb.
Azpost.info bildirir ki, bu barədə noyabrın 12-də “Politico” qəzeti məlumat yayıb.
Nəşr belə qənaətə ABŞ liderinin “Truth Social” sosial şəbəkəsindəki paylaşımına əsasən gəlib. Tramp bundan əvvəlki gün Vaşinqtonun Tehranla yeni razılaşma əldə etməsinə artıq ehtiyac olmadığını yazıb. Onun fikrincə, ABŞ İran üzərində təzyiq göstərmək üçün lazımi rıçaqlara malikdir.
ABŞ prezidenti daha sonra bildirib: “Vitse-prezident Vensdən bütün diqqətini ABŞ ərazisində Demokratlar Partiyasının idarə etdiyi şəhər və ştatlarda baş verən genişmiqyaslı korrupsiya və cinayətkarlıq hallarına yönəltməsini xahiş etdim”.
Beləliklə, Vens diplomatik təmaslarda iştirak etmək əvəzinə, Minnesota, Kaliforniya və İllinoys ştatlarında, eləcə də Demokratlar Partiyasının nümayəndələrinin idarə etdiyi digər bölgələrdə ehtimal olunan qanun pozuntuları ilə məşğul olacaq.
Trampın bu qərarı Vensin İranla uzunmüddətli münaqişəni respublikaçıların aralıq seçkilərdə məğlubiyyəti ilə əlaqələndirməsindən sonra verilib.
Ötən həftə vitse-prezident müharibənin partiyasının Konqresin hər iki palatasında çoxluğu itirməsinin səbəblərindən biri olduğunu bildirmişdi. Trampın özü də əvvəllər eyni fikri səsləndirmişdi.
Qeyd edək ki, Vens bundan əvvəl Vaşinqtonla Tehran arasında danışıqlarda əsas fiqurlardan biri olub. Aprel ayında o, Pakistanın ev sahibliyi etdiyi görüşdə ABŞ nümayəndə heyətinə rəhbərlik edib. Tərəflər həmin görüşdə münaqişənin dayandırılması ilə bağlı razılığa gəlməyə çalışsalar da, nəticə əldə olunmayıb.
N.Talıblı
