İran ətrafında hərbi gərginlik yenidən yüksəlir. Son günlər Hörmüz boğazında tankerlərin partlayış və yanğınlara məruz qalması, Tehranın ABŞ-a ünvanladığı sərt xəbərdarlıqlar və İranın Bəhreyndəki Amerika hərbi obyektinə zərbə endirdiyi barədə açıqlaması regionda vəziyyətin yenidən kəskinləşdiyini göstərir.
Hadisələrin əsas təhlükəsi isə təkcə İranla ABŞ arasında mümkün yeni toqquşma deyil. Hörmüz boğazında gəmiçilik təhlükəsizliyinin pozulması dünya enerji bazarına, neft qiymətlərinə və beynəlxalq ticarətə də təsir göstərə bilər.
Hörmüz boğazında tankerlərə nə baş verir?
Noyabrın 13-də İran İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri mayeləşdirilmiş təbii qaz daşıyan tankerin Hörmüz boğazında dəniz minasına düşərək partladığını açıqlayıb. İran tərəfinin iddiasına görə, gəmi Tehranın icazə vermədiyi marşrutla hərəkət edib və xəbərdarlıqlara məhəl qoymayıb. Bu, son günlərdə qeydə alınan ilk belə hadisə deyil. İran hərbçiləri noyabrın 12-də boğazda dörd neft tankerinin partlayışlara məruz qaldığını bildirmişdi. Tehran gəmilərin xəbərdarlıqlara baxmayaraq məhdudlaşdırılmış ərazilərə daxil olduğunu iddia edir.
Bununla yanaşı, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) noyabrın 11-də Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xeymə sahilləri yaxınlığında bir gəminin naməlum mərmi ilə vurulduğunu açıqlayıb. Hadisə nəticəsində gəminin mühərrik bölməsində yanğın baş verib, ekipaj təxliyə olunub.
Reuters qeyd edir ki, İranın tankerlərlə bağlı açıqlamalarını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. Bununla belə, bölgədə gəmiçilik üçün təhlükənin artdığına dair məlumatlar var. Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun məlumatlarına görə, noyabrın ilk 10 günündə azı 10 gəmi hücuma məruz qalıb. Oktyabrda isə bu göstərici 37 olub.
İran ABŞ-a hansı mesajı verir?
Gərginliyin artmasının digər səbəbi Tehranın Vaşinqtona ünvanladığı sərt bəyanatlardır.
Noyabrın 12-də İranın yüksək rütbəli hərbi rəsmiləri ABŞ və İsrailə qarşı yeni təhdidlər səsləndiriblər. İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Keyumars Heydəri ABŞ və İsrail rəhbərlərinə qarşı sərt ifadələr işlədib, ölkəsinin mümkün yeni hücuma cavab verməyə hazır olduğunu bildirib. İranın təhlükəsizlik rəsmisi Möhsün Rzayi isə ABŞ-ın yenidən hərbi əməliyyatlara başlaması halında Yaxın Şərqdən kənardakı hərbi bazaların da hədəfə çevrilə biləcəyini bəyan edib.
Noyabrın 13-də isə İran İnqilab Keşikçiləri Korpusu Bəhreyndə yerləşən ABŞ-ın erkən xəbərdarlıq radarına zərbə endirdiyini bildirib. Tehran bunu İranın cənubundakı Hörmüzqan vilayətinin Sirik rayonunda telekommunikasiya obyektinə endirildiyini iddia etdiyi zərbəyə cavab kimi təqdim edib.
Reuters-in məlumatına görə, bu, sentyabrın əvvəlindən bəri İranın Körfəz ölkələrindəki ABŞ hərbi obyektlərinə zərbə endirdiyi barədə ilk belə açıqlamadır. ABŞ və Bəhreyn hadisə ilə bağlı dərhal rəsmi şərh verməyib. Buna görə də İranın radar obyektini vurması barədə məlumat hələ müstəqil şəkildə təsdiqlənmiş fakt kimi təqdim edilə bilməz.
Hörmüz boğazı niyə bu qədər vacibdir?
Hörmüz boğazı Fars körfəzini Oman körfəzi və Ərəbistan dənizi ilə birləşdirən strateji su yoludur. Dünya neft ticarətinin təxminən beşdə biri bu marşrutdan keçir. Bundan başqa, regiondan mayeləşdirilmiş təbii qaz daşımaları üçün də boğazın əhəmiyyəti böyükdür. Bu səbəbdən burada hərbi insidentlərin artması təkcə İran və ABŞ-ın problemi deyil. Tankerlərin hərəkətinin məhdudlaşması, sığorta xərclərinin yüksəlməsi və daşımaların gecikməsi enerji bazarında qiymətlərə təsir göstərə bilər. Hazırda diqqət çəkən məqam odur ki, insidentlərə baxmayaraq, boğazdan keçən gəmi trafikində müəyyən bərpa müşahidə olunur. Reuters yazır ki, ABŞ-la İran arasında gərginliyin azalacağına dair gözləntilər də neft qiymətlərinin enməsinə təsir edib. Yəni bölgədə təhlükəsizlik riski yüksək qalsa da, bazar hələlik münaqişənin daha da genişlənəcəyini qaçılmaz hesab etmir.
Yeni müharibə ehtimalı nə qədər realdır?
Hazırkı vəziyyət ziddiyyətli mənzərə yaradır: bir tərəfdən tankerlərə hücumlar, hərbi obyektlərlə bağlı qarşılıqlı iddialar və sərt bəyanatlar var, digər tərəfdən isə gərginliyin azaldılmasına dair diplomatik gözləntilər qalır. ABŞ İran limanlarına qarşı dəniz blokadası tətbiq edib. Tehran isə Hörmüz boğazında gəmi hərəkətinə nəzarəti gücləndirməyə çalışır. Belə şəraitdə tərəflər arasında baş verə biləcək yeni insidentin daha geniş hərbi qarşıdurmaya çevrilməsi riski mövcuddur. Ancaq indiki məlumatlar əsasında genişmiqyaslı müharibənin başlanacağını qəti şəkildə söyləmək olmaz. Əsas sual tərəflərin hərbi təzyiqi hansı həddə qədər artıracağı və diplomatik kanalların bu gərginliyi dayandıra bilib-bilməyəcəyidir.
Azərbaycan üçün də prosesin iqtisadi tərəfi əhəmiyyətlidir. Neft bazarında kəskin qiymət dəyişiklikləri, beynəlxalq daşımaların bahalaşması və regionda təhlükəsizlik risklərinin artması ölkənin enerji gəlirlərinə və ticarət mühitinə təsir edə bilər.
Nadir Talıblı
