Böyük Britaniya İordan çayının Qərb sahilində İsrailin yaşayış məntəqələrinin tikintisi ilə əlaqəli səkkiz şirkətə qarşı sanksiyalar tətbiq edib. London həmin yaşayış məntəqələrini qanunsuz hesab edir.
Azpost.info bildirir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Böyük Britaniyanın xarici işlər naziri Ed Milibend, həmçinin Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmaq cəhdlərində iştirak edən İsrailin sağçı təşkilatına qarşı da məhdudlaşdırıcı tədbirlər elan edib.
Sanksiyalar İsrail hakimiyyətinin işğal altındakı İordan çayının Qərb sahilində böyük E1 yaşayış məntəqəsinin tikintisi ilə bağlı tenderləri elan etməsinə az müddət qalmış tətbiq olunub.
Milibendin sözlərinə görə, tədbirlər səkkiz tikinti şirkətinin maliyyə axınlarını məhdudlaşdırmağa yönəlib. Bununla belə, həmin müəssisələrin Britaniya maliyyələşməsindən nə dərəcədə asılı olduğu hələlik məlum deyil.
Məhdudiyyətlər tikinti, daşınmaz əmlak və memarlıq sahələrində fəaliyyət göstərən İsrail şirkətlərini əhatə edir. Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu şirkətlər İordan çayının Qərb sahilindəki İsrail yaşayış məntəqələrində mənzillərin və ictimai infrastrukturun planlaşdırılması, tikintisi, təchizatı və ya satışında iştirak ediblər.
“İki dövlətin yaradılması prinsipinin müdafiəsi hökumətimizin yanaşmasında əsas istiqamətdir”, – Milibend bildirib.
O, E1 layihəsinin iştirakçılarına tenderlərdə iştirak etməməyə, tikinti aparmamağa və iki dövlət prinsipi əsasında nizamlanma perspektivlərini zəiflədən fəaliyyətlərdən gəlir əldə etməməyə çağırıb.
“Biz həyati əhəmiyyətli yardımların qarşısını alanların Qəzzada mülki əhalinin dözülməz əzablarını daha da artırmasına seyrçi qala bilmərik. İordan çayının Qərb sahilində və Qəzza zolağında mövcud vəziyyət qəbuledilməzdir”, – nazir əlavə edib.
Böyük Britaniya daha əvvəl insan hüquqları sahəsində sanksiya rejimini genişləndirib, həmçinin qanunsuz yaşayış məntəqələrindən olan malların ticarətini qadağan edəcək tədbirlərin hazırlanmasını elan edib. Lakin bu məhdudiyyətlər hələ qüvvəyə minməyib.
Bununla yanaşı, Britaniya Xarici İşlər Nazirliyi vurğulayır ki, London İsraillə “yaşıl xətt”ə uyğun sərhədlər daxilində ticarəti dəstəkləyir və bu ticarətlə yaşayış məntəqələrində həyata keçirilən fəaliyyəti bir-birindən fərqləndirir.
N.Talıblı
