Ürək-damar xəstəlikləri dünyada ölüm hallarının əsas səbəbi olaraq qalır. Lakin bir çox risk amili gündəlik həyatımızın elə xırda detallarında gizlənir ki, əksər insanlar onlara əhəmiyyət vermir. ABŞ-dan olan üç tanınmış kardioloq ürəyin sağlamlığına kifayət qədər diqqət yetirilmədiyini göstərən yeddi gözəçarpmaz vərdiş və xəbərdarlıq əlamətini sadalayıb, vəziyyəti düzəltməyin yollarını izah ediblər.
Bu barədə Real Simple nəşri məlumat yayıb.
Kardioloq, elektrofizioloq Rod Passman və kardiotorakal cərrahiyyə şöbəsinin müdiri Mark Russo ilə yanaşı, həkim Nədim Gəlu bildiriblər ki, aşağıdakı yeddi hal müşahidə olunursa, həyat tərzinə yenidən baxmaq lazımdır.
1. Xroniki yuxusuzluq və pozulmuş yuxu rejimi
Keyfiyyətli yuxunun çatışmazlığı qan təzyiqinin və xolesterinin səviyyəsinin yüksəlməsinə, orqanizmdə iltihabi proseslərin artmasına səbəb ola bilər. Bu isə ürəyə əlavə yük yaradır. Mütəxəssislər gündə 7–9 saat yatmağı, hər gün eyni vaxtda yatıb-oyanmağı tövsiyə edirlər. Yuxuya hazırlıq üçün xatırlatma qurmaq, gecə saatlarında elektron ekranlardan uzaq durmaq və günün ikinci yarısında kofein qəbulunu məhdudlaşdırmaq da faydalıdır.
2. Yaşla əlaqələndirilən əlamətlərə məhəl qoymamaq
Qeyri-adi yorğunluq, adi gəzinti zamanı nəfəs darlığı, ürək döyüntüsünün sürətlənməsi, yüngül başgicəllənmə və topuqlarda şişkinlik çox vaxt yaşlanma, stress və ya menopauza ilə əlaqələndirilir. Lakin bu əlamətlərin arxasında ürək qapaqlarının xəstəlikləri, işemik ürək xəstəliyi və ya ürək çatışmazlığı dayana bilər.
Belə hallar mütəmadi təkrarlanırsa, həkimə müraciət etmək lazımdır. Sinədə qəfil ağrı və ya təzyiq hissi yaranarsa, xüsusilə bu ağrı qola və ya çənəyə yayılırsa, ürəkbulanma və tərləmə ilə müşayiət olunursa, dərhal təcili tibbi yardım çağırılmalıdır.
3. Stressə dözməyi vərdişə çevirmək
Daimi stress vəziyyətində yaşamaq yüksək qan təzyiqi, infarkt və insult riskini artıra bilər. Bundan başqa, stress insanı siqaret çəkməyə, həddindən artıq yeməyə və spirtli içki qəbuluna meyilləndirə bilər.
Mütəxəssislər gərginliyi azaltmaq üçün gəzintiləri, yoqanı, meditasiyanı, bağçılıqla məşğul olmağı və yaxın insanlarla ünsiyyəti tövsiyə edirlər.
4. Spirtli içkilərdən müntəzəm istifadə
Alkoqol ürək ritminə birbaşa təsir göstərir. Həddindən artıq spirtli içki qəbulu, hətta bəzi həssas insanlarda bir-iki porsiya alkoqol belə, aritmiyanın ən geniş yayılmış forması olan qulaqcıqların fibrilyasiyası riskini artıra bilər.
Kardioloqlar spirtli içkilərin qəbulunu mümkün qədər minimuma endirməyi məsləhət görürlər.
5. Fiziki aktivliyi daim təxirə salmaq
Hərəkətlilik iki istiqamətdə fayda verir: stress hormonlarının səviyyəsini azaltmağa və ürək əzələsini möhkəmləndirməyə kömək edir.
Fiziki aktivliyə yeməkdən sonra 10 dəqiqəlik gəzintilərlə başlamaq olar. Daha sonra yükü tədricən artıraraq həftədə 150 dəqiqə orta intensivlikli hərəkətə, məsələn, sürətli yerişə çatdırmaq tövsiyə olunur.
6. İllik tibbi müayinələri ötürmək
Yüksək qan təzyiqi, xolesterinin və qanda şəkərin artması uzun müddət heç bir əlamət göstərmədən damarları zədələyə bilər.
Mütəmadi tibbi müayinələr zamanı qan təzyiqinin, xolesterinin və qlikasiya olunmuş hemoqlobinin (HbA1c) yoxlanılması mümkün riskləri vaxtında aşkar etməyə imkan verir.
7. Yarımfabrikatlara və hazır yeməklərə üstünlük vermək
Həddindən artıq emal olunmuş qidalar və restoran yeməkləri çox vaxt yüksək miqdarda natrium, yəni duz ehtiva edir. Bu isə qan təzyiqinə nəzarəti çətinləşdirə bilər.
Həkimlər evdə təbii və az emal olunmuş məhsullardan daha çox istifadə etməyi məsləhət görürlər. Qidalanmada tərəvəzlərə, meyvələrə, tam taxıllara, yağsız zülal mənbələrinə və faydalı yağlara üstünlük verilməsi tövsiyə olunur.
Sunay Aydın
