Qum təpələri milyonlarla, hətta milyardlarla il əvvəl Yer kürəsində və Marsda küləklərin nə qədər güclü olduğunu alimlərə göstərə bilər. Stenford Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, ən çox qum daşıyan və qum təpələrini formalaşdıran küləyin sürəti əsasən qum dənələrinin ölçüsündən asılıdır. Bu kəşf qum çöküntüləri əsasında keçmişin iqlimini bərpa etməyə imkan verəcək.
Azpost.info bildirir ki, Proceedings of the National Academy of Sciences jurnalında dərc olunan araşdırmada alimlər 30 il ərzində qeydə alınmış külək məlumatlarını və Yer kürəsinin müxtəlif bölgələrində yerləşən 24 qum təpəsi sahəsində qum dənələrinin ölçülərinə dair göstəriciləri təhlil ediblər. Onlar uzun müddət ərzində ən çox qum daşıyan küləyin sürətini hesablayıblar.
Məlum olub ki, qum təpələrinin formalaşmasında ən fəal iştirak edən küləklər qum dənələrini səth boyunca hərəkət etdirmək üçün tələb olunan minimum həddən cəmi bir qədər güclüdür. Üstəlik, qum dənələrinin ölçüsü ilə belə küləyin sürəti arasındakı əlaqə araşdırılan bütün ərazilərdə özünü göstərib. Bu ərazilərə Afrikadakı Namib səhrası və ABŞ-ın Yuta ştatındakı qum təpələri də daxildir.
Daha sonra tədqiqatçılar eyni yanaşmanı Marsdakı qum təpələrinə tətbiq ediblər və oxşar qanunauyğunluq aşkar ediblər. Bu nəticə xüsusilə diqqətəlayiqdir. Çünki iki planetdə atmosfer təzyiqi, cazibə qüvvəsi və çöküntü materiallarının xüsusiyyətləri bir-birindən xeyli fərqlənir.
Qum təpələri uzun müddətdir alimlərə planetlərin səthində üstünlük təşkil edən küləklərin istiqamətini və onların təsir xüsusiyyətlərini müəyyən etməyə kömək edir. Lakin həmin küləklərin sürətini hesablamaq daha çətin olub. Yeni tədqiqat qum təpələrində qorunub saxlanılan qum dənələrinin orta ölçüsünə əsasən bu göstəricini müəyyənləşdirməyin yolunu təklif edir.
Bu üsul yalnız müasir landşaftlara deyil, qədim dövrlərə aid daşlaşmış qum çöküntülərinə də tətbiq oluna bilər. Tədqiqatın həmmüəllifi, Stenford Universitetinin dosenti Matye Lapotr bildirib ki, bu yanaşma hətta yaşı üç milyard ilə çatan qumdaşı nümunələrini araşdırmaqla Yer kürəsində və digər planetlərdə keçmiş küləkləri və iqlim şəraitini bərpa etməyə imkan verir.
Əldə olunan məlumatlar qədim atmosfer dövranı modellərini yoxlamağa, geoloji tarix boyunca Yer kürəsində və Marsda iqlimin, eləcə də səth şəraitinin necə dəyişdiyini daha yaxşı anlamağa kömək edəcək.
N.Talıblı
