Dostluq və romantik münasibətlər üçün xüsusi yaradılan çat-botlar tənhalıq problemini həll etmir. Əksinə, zaman keçdikcə onu daha da gücləndirir.
Psychology Today saytında dərc olunan Human Flourishing bloqunun müəllifləri belə hesab edirlər.
Müəlliflərin fikrincə, bu proqramlar tənhalıq hissini yalnız müvəqqəti azaldır, lakin həmin hissin yaranmasına səbəb olan əsas ehtiyacı – real insan yaxınlığına olan istəyi təmin etmir. Əgər çat-botun məqsədi münasibətlərin qurulmasına kömək etmək deyil, onları əvəzləməkdirsə, bu, həm istifadəçiyə, həm də bütövlükdə cəmiyyətə zərər vurur.
Psychology Today nəşrinin məlumatına görə, müəlliflər süni intellektdən istifadənin faydalı və zərərli formalarını ayırmaq üçün özlərinin rifah qiymətləndirmə modelindən (flourishing measure) istifadə etməyi təklif edirlər.
Müəlliflərin sözlərinə görə, süni intellektin insanların xoşbəxtliyinin, sağlamlığının və maliyyə dayanıqlığının inkişafına töhfə vermək potensialı böyükdür. Lakin buna zəmanət yoxdur. Çox şey texnologiyadan istifadə zamanı insanın və onun ləyaqətinin əsas yerdə qalmasından asılıdır.
Bununla yanaşı, süni intellektin həyatın mənası, insan xarakteri və münasibətlər kimi sahələrə təsirini daha mürəkkəb və birmənalı olmayan məsələ hesab edirlər. İnkişaf etmiş zəngin ölkələr də qismən texnologiyaların ümumi təsiri səbəbindən bu sahələrdə çətinliklərlə üzləşirlər.
Müəlliflər süni intellektin ünsiyyət elementləri olan bəzi sistemlərinin fayda verdiyini də etiraf edirlər. Məsələn, belə texnologiyalar autizmli uşaqlara sosial bacarıqlarını inkişaf etdirməyə və tələbələrə vətəndaş müzakirələrini aparmağı öyrənməyə kömək edir. Lakin müəlliflər vurğulayırlar ki, bu cür tətbiqlər nəticə etibarilə real münasibətlərə yol açmalı, onları əvəz etməməlidir.
Dostluq və romantik münasibətlər yaratmaqdan başqa heç bir məqsədi olmayan çat-botlarda isə vəziyyət fərqlidir.
Həmişə sizi anlayan, heç vaxt heç nə tələb etməyən və göstərdiyiniz istənilən diqqətə sevinən belə bir virtual həmsöhbət müəlliflərin fikrincə, zaman keçdikcə insanın real münasibətlər qurmaq qabiliyyətini zəiflədir.
Bu cür proqramlar insanlarda real şəxslərdən gözlənilməyən, qeyri-real tələblər formalaşdırır. Eyni zamanda, həqiqi ünsiyyətdə qaçılmaz olan çətinliklər və fikir ayrılıqları vasitəsilə inkişaf etmək imkanını əllərindən alır.
Müəlliflər qeyd edirlər ki, süni intellekt dostu və ya tərəfdaşı ilə münasibətdə insan həyatına nəsə qatacağınız başqa bir şəxs yoxdur.
Onların fikrincə, belə çat-botların təsiri insan və onun ətrafı üçün hərtərəfli və geniş miqyasda zərərlidir. Hətta bu zərər hazırda hiss olunmasa və ya kiçik görünsə belə, sosial əlaqələr qurmaq qabiliyyətinin tədricən zəifləməsi insan münasibətlərini, icmaları və bütövlükdə cəmiyyətin sosial quruluşunu dağıda bilər.
Müəlliflər xatırladırlar ki, iyul ayında süni intellektin inkişafını ümumilikdə dəstəkləyən Çin hakimiyyəti emosional qayğı, yoldaşlıq, dəstək və digər emosional xidmətlər göstərən süni intellekt vasitələrinin hazırlanmasını və təşviqini məhdudlaşdıran qanunvericilik qəbul edib.
Qanunvericilik istifadəçiyə həddindən artıq uyğunlaşan, emosional asılılıq yaradan və ya onun real insanlarla münasibətlərinə zərər vuran proqramları da qadağan edir.
“Çin bizim bilmədiyimiz nəyi bilir? Görünür, onlar süni intellekt vasitəsilə romantik münasibətlərin və virtual əlaqələrin insan cəmiyyətinə, münasibətlərə, uşaq dünyaya gətirməyə və icmalara mümkün təsirlərini, demək olar ki, uzaqgörənliklə əvvəlcədən təxmin ediblər”, – deyə müəlliflər yazırlar.
Onlar ABŞ-da, xüsusilə yetkinlik yaşına çatmayanlarla bağlı son qanunvericilik təşəbbüslərini də xatırladırlar. Lakin risk altında olanların yalnız uşaqlar olduğunu düşünməyin sadəlövhlük olacağını bildirirlər.
Müəlliflər prinsip etibarilə dostluq və romantik münasibətlər üçün nəzərdə tutulan süni intellekt çat-botlarının tamamilə qadağan edilməsini mümkün hesab edirlər. Onlar bunu ABŞ-da heroinin qadağan olunması ilə müqayisə edirlər. Bununla belə, belə bir tədbirin bəzilərinə həddindən artıq sərt görünəcəyini də etiraf edirlər.
Hər bir halda, onların fikrincə, bu proqramları şəxsi və ictimai həyatdan uzaqlaşdırmaq üçün bütün səylər göstərilməlidir. İnsan əlaqələrini əvəz etmək məqsədilə yaradılan texnologiya neytral hesab edilə bilməz.
Müəlliflər yazılarını Roma Papası XIV Levın Magnifica Humanitas ensiklikasına və onun “sevgi sivilizasiyası” qurmaq çağırışına istinadla tamamlayırlar.
Onların fikrincə, süni intellekt dövründə cəmiyyətin inkişafı üçün insanlar bir-birinə qayğı göstərməli, birlikdə olmalı, həqiqi münasibətlərin gətirdiyi çətinlikləri və fikir ayrılıqlarını aşmağı bacarmalıdırlar. Əsl insan rifahı məhz bundan ibarətdir.
Qeyd edək ki, iyulun 15-də Çində insanabənzər ünsiyyət təklif edən süni intellekt xidmətləri üçün ölkənin ilk qaydaları qüvvəyə minib. Bununla eyni vaxtda ən böyük platformalar fərdiləşdirilmiş bəzi süni intellekt yoldaşlarının fəaliyyətini dayandırıb.
Çinin Kiberməkan Administrasiyasının rəhbərlik etdiyi tənzimləyici qurumlar tərəfindən qəbul edilən qaydalar yetkinlik yaşına çatmayanlara “tərəfdaş” və ya “ailə üzvü” kimi virtual münasibətlərin təqdim edilməsini qadağan edir. Həmçinin məcburi yaş yoxlaması və istifadə müddətinə məhdudiyyətlər qoyan “yetkinlik yaşına çatmayanlar rejimi” tətbiq olunur.
Qaydaların müəllifləri bu addımları əvvəlki tənzimləmələrdə nəzərə alınmayan emosional asılılıq, psixoloji zərər və həssas istifadəçilərin istismarı riskləri ilə əsaslandırırlar.
Sunay Aydın
