Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Almaniyanın xarici işlər naziri İohan David Vadeful geniş tərkibdə görüş keçiriblər.
Görüşdə Azərbaycan-Almaniya münasibətlərinin hazırkı vəziyyəti, ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, həmçinin regional və beynəlxalq gündəmdəki əsas məsələlər müzakirə olunub.
Nazirlər 2027-ci ildə diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümünün qeyd olunacağını nəzərə alaraq, qarşılıqlı hörmət, konstruktiv dialoq və ortaq maraqlar əsasında tərəfdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Bildirilib ki, 2026-cı ilin iyulunda Azərbaycan Prezidentinin Almaniyaya rəsmi səfəri zamanı qəbul edilmiş İkitərəfli Tərəfdaşlıq üzrə Strateji Gündəliyi münasibətlərin inkişafı üçün mühüm çərçivə yaradır.
Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 1,4 milyard dollar təşkil etdiyi, Azərbaycanın Almaniyaya qaz ixracına isə 2026-cı ilin yanvarında başladığı qeyd olunub.
Tərəflər ticarət, investisiya, enerji, sənaye, nəqliyyat və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. 2026-cı ilin iyulunda Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının iki ölkənin biznes dairələri arasında əlaqələr üçün yeni platforma olduğu vurğulanıb.
Ceyhun Bayramov Almaniya şirkətləri üçün Orta Dəhlizin, Ələt Azad İqtisadi Zonasının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma və inkişaf layihələrinin yaratdığı imkanlardan danışıb.
Nazirlər Azərbaycan-Ermənistan normallaşma prosesi də daxil olmaqla regional məsələlər və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin geri qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə məlumat verib.
Görüşdə təhsil, mədəniyyət və elm sahələrində insanlararası əlaqələrin gücləndirilməsinin əhəmiyyəti də qeyd olunub.
