Gələn həftə Ermənistanın yeni Konstitusiyasının ilkin layihəsi dərc olunacaq.
Bunu noyabrın 19-da hökumətin iclasında ölkənin baş naziri Nikol Paşinyan bildirib.
O, xalqın yeni Konstitusiyanın qəbulunu rədd edəcəyi təqdirdə istefa verəcəyini bir daha bəyan edib.
“Əgər yeni Konstitusiya qəbul olunarsa, şəxsən mən baş nazir vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm. Yəni referendumun nəticəsindən asılı olmayaraq. Müxalifət bu təklifdən imtina edərsə, biz onları kənarlaşdıracağıq. Bununla yanaşı, xalq referendumun nəticəsindən asılı olmayaraq küçələrə çıxaraq mənim istefamı tələb edə bilər”, – deyə Paşinyan əlavə edib.
Onun fikrincə, müstəqil Ermənistanda siyasi liderlik Daşnaksütyun partiyasının ideologiyası üzərində qurulub.
“Sovet Ermənistanı Daşnaksütyun Ermənistanına çevrildi. Bəs niyə Müstəqillik Bəyannaməsinə daxil edilmiş Qərbi Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayəti ilə Ermənistanın birləşdirilməsi müddəaları ilə əlaqəmiz olmamalıdır? Çünki bu müddəalar Ermənistanı münaqişə məntiqi çərçivəsinə salırdı. Biz Ermənistanı bu məntiqdən çıxarmalıyıq”, – deyə Paşinyan vurğulayıb.
