ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə günü Çin, İran, Nigeriya və digər ölkələrdəki din azadlıqları pozuntularından bəhs edib.
Azpost.info “Amerikanın Səsi” radiosuna istinadən bildirir ki, Dövlət katibi Mayk Pompeo deyir ki, Çində bütün dinlərə qarşı dövlət tərəfindən təqiblər intensivləşir. “Çinin Kommunist Partiyası dini təşkilatların partiya rəhbərliyinə tabe olmalarını və dini təlimlərə kommunist doqmasını daxil etmələrini tələb edir. Sincanda uyğurların kütləvi həbsi davam edir. Bununla bəradər tibetlilər, buddistlər, falunqun və xristianlara qarşı təqiblər də davam edir,” – o deyib.
Çin uyğurların kütləvi şəkildə həbsi ilə bağlı qınaqları rədd edərək, bunun daxili məsələlərinə müdaxilə adlandırıb və Sincandakı böyük saxlama mərkəzləri şəbəkəsinin peşə təlimləri üçün istifadə olunduğunu deyib.
Departamentin çərşənbə günü yaydığı 2019-cu il dini azadlıqlar hesabatı bütün dünyanın diqqəti Birləşmiş Ştatlarda irqçiliyə və polis zorakılığına qarşı kütləvi etirazlara yönəldiyi vaxta təsadüf edib.
ABŞ-ın başqa ölkələri mühakimə etməyə mənəvi səlahiyyətinin olub-olmadığı ilə bağlı suala cavab olaraq Pompeo deyib ki, ABŞ Çindən fərqli olaraq ədalətsiziliklə birbaşa mübarizə aparır.
“Corc Floydun başına gələn hadisə kimi faicəvi və dəhşətli bir şey baş verəndə hökümət tədbir görür. Həmin vəziyyətdə həm yerli hüquq-mühafizə orqanı, həm də Ədliyyə Nazirliyi cəld tədbir gördü,” o söyləyib.
Bundan əlavə ABŞ rəsmiləri İslam Dövləti terror qrupu və Boko Haramın həm müsəlmanlara, həm xristianlara hücumları davam etdirdiyi Nigeriyaya da diqqət çəkib. ABŞ-n Beynəlxalq Dini Azadlıq elçisi Sam Braunbak Dövlət Departamentinin çərşənbə günü keçirilən brifinqi zamanı Nigeriya hökümətini addım atmağa çağırıb.
“Nigeriyada baş verənlər, zorakılıqların artması, qırğınlar və hökümət tərəfindən effektiv tədbirlərin olmaması məni dərindən narahat edir. Nigeriya höküməti daha effektiv hərəkət etməlidir,” o deyib.
Braunbak bildirib ki, müsəlmanların çoxluq təşkil etdiyi Səudiyyə Ərəbistanı ilə bağlı da narahatlıqlar mövcuddur, çünki Səudiyyə Ərəbistanı dünyada tək bir kilsənin belə olmadığı yeganə ölkədir.