“Bura mənim babamın olub!” –SSRİ-nin ələ keçirdiyi xüsusi mülkiyyət sahiblərinə necə qaytarılıb? (TARİX)

2004-cü ildə Ukraynanın Odessa şəhərinə hazırda Avropada yaşayan baronessa Reno gəlir və «Baron Renonun bağı»nın onun ailəsinə məxsus olması barədə iddia qaldırır. Vətəndaş müharibəsi vaxtı – 1926-cı ildə bu bağın sahibləri onu tərk etmiş, bağ Odessa şəkər zavoduna qalmışdı. Baronessa Ukraynadakı məhkəməni uduzdu, amma bildirdi ki, «Avropa İttifaqında görüşərik,oranın öz qanunları var». 

Azpost.info Fed.az-a istinadən dünyanın əmlak tarixinin ən ziddiyyətli mövzularından biri sayılan restitusiya – keçmiş əmlakların geri alınması ilə bağlı materialı təqdim edir.

Restitusiya nədir?

Restitusiya, yəni müsadirə edilmiş əmlakın sahibinə qaytarılması məsələsi Şərqi Avropada 1990-cı illərdə, yəni SSRİ və sosializm quruluşu dağılandan sonra ortaya çıxıb. «Restitusiya»  anlayışı latın dilində «bərpa olunma» kimi tərcümə edilir. Hüquqi aləmdə restitusiya sahibindən qanunsuz yolla alınan əmlakın sahibinə qaytarılması və ya buna görə kompensasiya ödənilməsidir.

Bolşeviklərin problemli mirası

Sosializm quruluşu dağılandan sonra keçmiş sosialist ölkələrində vaxtilə milliləşdirilən əmlakların sahibinə qaytarılması məsələsi ortaya çıxdı. Şərqi Avropanın bəzi ölkələrində – Litva, Latviya, Estoniya, Çexiya, Polşa, Bolqarıstan və Macarıstanda restitusiya barədə qanunlar qəbul edilib. Bu qanunlara görə, hələ 1940-cı ildə milliləşdirilərək dövlətin mülkiyyətinə keçən əmlak keçmiş sahiblərinə qaytarılmalı idi.

Maraqlıdır ki, milliləşdirmədən ən çox əziyyət çəkən ölkədə – Rusiyanın özündə əhali və ictimaiyyət restitusiyaya həvəslə yanaşmır. Ekspertlər bildirirlər ki, bunun səbəbi sosializm quruluşundan keçən böyük müddətdir. Bəziləri isə SSRİ qurulanda aparılan milliləşdirmənin nəticələrinin ləğv edilməyindənsə, 1990-cı illərdə Rusiyada aparılan özəlləşdirmənin nəticələrinin ləğv edilməsini daha ədalətli sayırlar.

Əvvəl restitusiya, sonra özəlləşdirmə

Keçmiş SSRİ ərazisində restitusiya prosesləri Baltikyanı respublikalardan başlanıb. Sovet İttifaqı dağılan kimi, bu respublikalar vaxtilə SSRİ-yə birləşəndə millələşdirilmiş əmlakları keçmiş sahiblərinə və ya onların varislərinə qaytarmağa başladılar. Bu sahədə Latviya digər respublikalara nümunə oldu. Ölkə rəhbərliyi restitusiya məsələsinə o qədər böyük önəm verdi ki, hətta özəlləşdirməni də ləngitdi – əvvəlcə restitusia ilə əmlaklar keçmiş sahiblərinə qaytarıldı, yalnız bundan sonra özəlləşdimə başlandı.

Amma qaydalara görə, keçmiş sahibləri yalnız daşınmaz əmlakı, o cümlədən orta, iri və kiçik müəssisələrin yerləşdiyi əmlakları ala bilərdilər. Müəssisələrin avadanlıqları, dəzgahlar, müəssisələrin vaxtilə mövcud olmuş və sonradan milliləşdirilmiş qiymətli kağızları və depozitləri isə geri qaytarılmırdı. Əvəzində, kənd təsərrüfatı torpaqları, meşələr, 650 məşhur tikili, digər daşınmaz əmlaklar, eləcə də, müxtəlif dini təşkilatlara məxsus olan ibadət əşyaları sahiblərinə geri qaytarıldı.

Təkcə Riqada kilsələrin birinə məbədlərdən əlavə, onlarla ev və paytaxt ərazisində yüzlərlə hektar torpaq qaytarıldı. Latviya qanunlarına görə, müsadirə olunmuş əmlak istənilən halda keçmiş sahibinə qaytarılırdı. Yəni həmin şəxs harada yaşamasından və ya hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq əmlakını geri alırdı. Bunun nəticəsidir ki, keçmiş əmlakını geri alanların yalnız 68%-i Latviyada yaşayırdı. Belələrinin 15%-i ABŞ, 3% Avstraliya, hərəyə 2%-i isə Almaniya, İsrail və Kanada vətəndaşları idi.

Bununla yanaşı, torpaqların bir hissəsinin qaytarılmasında məhdudiyyət qoyuldu. Söhbət özəl fermer təsərrüfatları yaradılmış, eləcə də dövlət binaları, mədəni obyektlər, dəmir yolları və s. yerləşən torpaqlardan gedirdi.

Litva: Ölkədən köçənlər heç nə almadılar

Litvada restitusiya iki qanunla – «Daşınmaz əmlaka hüquqların bərpa olunması haqqında» və «Torpaq islahatı haqqında» qanunlarla tənzimlənirdi. Bu qanunlara görə, 1940-1945-ci illərdə milliləşdirilən şəhər və kənd torpaqları və digər daşınmaz əmlaklar keçmiş sahiblərinə qaytarılırdı. Əmlaklar vəziyyətdən asılı olaraq mümkün olan qədər böyüklükdə qaytarılırdı, istehsal, tikinti və sair məsələlər üçün tələb olunan torpaq sahələri isə mülkiyyət sahibinin istəyindən asılı olaraq, ya ona qaytarılırdı, ya da onun adından icarəyə verilirdi. Latviyadan fərqli olaraq Litvada ölkədən köçüb getmiş şəxslər əmlaklarını geri ala bilmədilər. Üstəlik, geri qaytarılması mümkün olmayan əmlaklara görə, pul kompensasiyası da verilmədi.

Çexiya: «Allahın əmlakı» – Allahın qulluqçularınındır

2012-ci ildə Çexiya hökuməti kilsə əmlakının restitusiyası barədə qərar qəbul edib. Qanuna görə, Çexoslovakiyada Kommunist Partiyası hakimiyyətdə olduğu dövrdə müsadirə edilmiş bütün kilsə əmlakı kilsəyə qaytarılmalı, ya da buna görə, kompensasiya ödənilməli idi.

Qeyd edək ki, Çexiyada kommunistlər 1948-ci ildə hakimiyyətə gəlib və dərhal da kilsə əmlakını müsadirə edərək milliləşdiriblər. Nəticədə Çexiya katolik kilsəsi bütün torpaq sahələrini itirdi. 1950-ci ildə isə hökumət monastrları bağladı və onların binalarını digər dövlət təşkilatlarına verdi. 1989-cu ildə Çexoslovakiyada kommunistlər hakimiyyətdən getdi, demokratik dəyişikliklər başlandı. 1993-cı ildə isə ölkə iki yerə – Çexiya və Slovakiya dövlətlərinə bölündü.

1999-u ildə Çexiyadakı katolik kilsəsi hökumətə vaxtilə kilsə əmlakının müsadirə edildiyini xatırlatdı. Bir neçə il davam edən müzakirələrdən sonra 2007-ci ildə restitusiya barədə komissiya yaradıldı və Çexiya hökuməti yuxarıdakı qanunu qəbul etdi.<ins’></ins’>

Qeyd edək ki, məsələnin belə sürətlə həll olunmasının əsas səbəbi Çexiyanın Avropa Birliyinə hazırlaşması idi. Birliyin şərtlərindən biri isə məhz restitusiya idi. Beləliklə,  2012-ci ildə qəbul edilən qərara görə, Çexiya hökuməti vaxtilə əmlakı müsadirə olunduğuna görə, kilsəyə 2,3 milyard avro ödəyəcək. Bundan başqa, hökumət dini təşkilatlara kompensasiya kimi 30 min hektar kənd təsərrüfatı torpağı, 900 bina, 120 yaşayış evi, 3 monastr, 3 qəsr və bir neçə yüz göl verəcək. Bütün bu ödənişlər 2030-cu ilədək başa çatacaq.

«Cəngavərlər» də torpaqlarını istəyirlər

Amma Çexiya hökumətinin restitusiya ödənişləri bununla qurtarmayacaq. Kilsəyə kompensasiya verilən kimi, başqa bir dini təşkilat – Malta Cəngavərlər ordeni də Çexiya hökumətindən vaxtilə kommunistlərin dövründə müsadirə edilmiş 167 hektar torpağı qaytarmağı tələb edib. Orden nümaynədələri bildirib ki, Praqanın 8-ci rayonunda – Brjezinevesdə yerləşən bu torpaqlar ordenə məxsusdur.  Amma həmin rayonun rəhbəri bəyan edib ki, cəngavərlər həmin torpaqların yalnız 25%-ni tələb edə bilərlər.  Çünki onlar həmin torpaqlardan 1948-ci ilin fevraln 25-də (yəni kommunist çevrilişi olan gün) yox, 1 gün əvvəl, yəni fevralın 24-də məhrum olublar.

Slovakiya: Faşistlərlə əlbir olanlar əmlak almadılar

Çexiyadan fərqli olaraq Slovakiyada restitusiya prosesləri daha tez başladı və sakit keçdi. Burada da 1948-ci ildən sonra müsadirə olunmuş torpaq sahələri  və əmlaklar sahiblərinə qaytarıldı. Amma istisnalar oldu. Belə ki, ölkədən köçüb gedənlər və vaxtilə faşistlərlə əlbir olanlara heç nə qaytarılmadı. Restitusiya çərçivəsində kilsə və yəhudi birliklərinin əmlakları da qaytarıldı. İstisna olaraq yalnız səhiyyə, mədəniyyət, idman və sosial xidmətlərin (məsələn uşaq evlərinin) yerləşdiyi binalar sahiblərinə qaytarılmadı. Slovakiyada əmlak sahibləri onu qaytarmaq üçün 2004-cü ilədək müraciət edə bilərdilər.

Macarıstan: «Qaytarırıq, amma limitlə»

Macarıstan restitusiya üçün maraqlı üsul tapdı. Qeyd edək ki, bu ölkədə vaxtilə müsadirə olunmuş əmlaklara görə, kompensasiyanın məbləği 100 milyard forint (və ya 320 milyon avro) idi. Həmin şəxslər öz əmlaklarını almadılar, əvəzində hökumət onlara 100 min forint (indiki məzənnə ilə 320 avro) məbləğində kuponlar verdi. Bir nəfərə verilən kompensasiyanın maksimum məbləği 5 milyon forinti (16 min avronu) keçməməli idi. Əmlak sahibləri bu kuponları pula çevirə bilməzdilər, onlar bu kupondan yalnız özəlləşdirmə prosesində – dövlət müəssisilərinin, evlərin və torpaqların özəllişdirilməsində istifadə edə bilərdilər.

Almaniya: 500 min nəfər kompensasiya aldı

Burada restitusiya prosesi 1990-cı illərdə başlandı və vaxtilə sovet rejiminin qurulduğu Şərqi Almaniya ərazisində aparıldı. 6 min müəssisə keçmiş sahiblərinə qaytarıldı, bu mümkün olmadıqda, kompensasiya verildi. Məsələn, əgər torpaq sahəsi 3-cy şəxsə satılıbsa,  ictimai-faydalı məqsədlərlə (məktəb, uşaq bağçası, sosial-mədəni obyekt kimi) istifadə edilirsə, üzərində müəssisə və ya yaşayış binası yerləşirsə onun əvəzinə pul kompensasiyası verilirdi.

Amma əmlakın qiymətindən asılı olaraq ona görə verilən kompensasiyanın məbləği dəyişirdi. Belə ki, obyektin qiyməti 10 min markaya qədər olanda sahibi 100%, qiyməti 100 min markaya qədər olanda 40%, qiyməti 500 min markaya qədər olanda 25%, obyektin qiyməti 1 milyon markaya qədər olanda isə sahibi 20% həcmində kompensasiya alırdı. Ümumilikdə Almaniyada restitusiya prosesi 500 min nəfəri əhatə etdi və ona 8 milyard avro xərcləndi.

Polşa, Rumıniya, və Bolqarıstan: Gecikmiş restitusiya

Polşa, Bolqarıstan və Rumıniyada restitusiya kortəbii formada aparıldı. Məsələ bundalır ki, həmin ölkələrdə dövlət əmlakı əvvəlcə özəlləşdirildi. Yalnız ABŞ v Avropanın təzyiqi nəticəsində bu ölkələr özəlləşdirmədən sonra  vaxtilə müsadirə olunan əmlakı sahiblərinə qaytarmağa başladılar.

Polşa: 50% məbləğində qiymətli kağız

Polşada 1944-1962-ci illərdə milliləşdirilən əmlaklar sahiblərinə qaytarıldı. Bir şərtlə ki, bu şəxs Polşa vətəndaşlığını qoruyub saxlamış olsun. İkinci Dünya müharibəsi nəticəsində Litva, Ukrayna və Belarusun nəzarətinə keçən əmlakların sahibləri də kompensasiya aldı. Əgər  əmlakı qaytarmaq mümkün deyildisə, onun sahibinə əmlakın dəyərinin 50%-i məbləğində qiymətli kağızlar verilirdi. Polşada restitusiya üçün 170 min müraciət vardı və buna görə də prosesə 46 milyard dollar xərclənəcəyi gözlənilirdi. Amma indiyədək cəmi 12,5 milyard dollarlıq kompensasiya verilib. Bu pullar əmlak sahiblərinə qiymətli kağızlar formasında qaytarılıb onlar həmin kağızların köməyi ilə torpaq, əmlak və dövlət müəssisələrinin səhmlərinə sahib ola bilərlər.

Bolqarıstan: Mağaza və emalatxanalar qaytarıldı

Siyasi və tarixi səbəblərə görə, Bolqarıstanda yalnız torpaqlar, evlər,  mağazalar, emalatxanalar və kiçik müəssisələr sahiblərinə qaytarıldı. İri müəssisələr isə dövlətin əlində qaldı. Amma Bolqarıstan iqtisadiyyatının rəqabət qabiliyyəti zəif olduğına görə, həmin müəssisələr dövlətin dotasyası ilə işləyirdilər. Yalnız defolt və 1000%-lik inflyasiyadan sonra hökumət artıq yükdən azad olmaq üçün bu müəssisələri də keçmiş sahiblərinə qaytardı.

Rumıniya: Qərarı məhkəmələr verdi

Rumıniyada restitusiya barədə qərarları məhkəmələrin öhdəsinə buraxdılar. Əmlakın keçmiş sahibinə qaytarılmasını məhkəmə həll edirdi. Prosesdə İnsan Haqları üzrə Avropa Məhkəməsi də iştirak edirdi. Əmlakın geri qaytarılması üçün istənilən məhkəmə tərəfindən sahibinin hüququnun tanınması kifayət edirdi. 2003-cü ildə əmlakın keçmiş sahiblərinə qaytarılması məsələsi qanuna da daxil edildi.

Ukrayna: «Sizinlə Avropa İttifaqında görüşərik»

Ukrayna restitusiya məsələsini indiyədək təxirə salırdı, amma son hadisələr göstərir ki, bu müvəqqəti haldır – ölkə Avropa Birliyinə inteqrasiya olunmaq istəsə, onun əsas şərtlərindən birinə əməl etməli, yəni müsadirə edilmiş əmlakları sahibinə qaytarmalı olacaq.

İlkin məlumatlara görə, əgər Ukrayna restitusiyaya başlasa, ona qarşı 100 minlərlə iddia qaldırılacaq. «Belaya Krinitsa» xeyriyyə fondunun məlumatlarına görə, restitusiya başlanacağı təqdirdə 80 mindən artıq polyak, eləcə də SSRİ vaxtında Sibir və Qazaxıstana sürgün edilmiş 10 minlərlə etnik ukraynalı Ukraynaya qarşı əmlak iddiaları qaldıracaqlar. Bəzi məlumatlara görə, Ukraynaya qarşı Rumıniya, Macarıstan, Slovakiya vətəndaşları da iddia qaldıra bilərlər. Çünki müharibə nəticəsində bu ölkələrin bəzi əraziləri Ukraynaya keçib. Ukraynaya qarşı restitusiya iddialarını Litva vətəndaşları da qaldıra bilərlər. Çünki 1917-1945-ci illərdə Litvanın bəzi əraziləri də bu ölkəyə keçib.

SSRİ dövründə Ukraynada yəhudi cəmiyyətlərinin də böyük əmlakları müsadirə edilib. İndi bu təşkilatlar 837 sinaqoqun, 130 təhsil müəssisəsinin, 47 xəstəxananın, 180 binanın, ümumilikdə 2 mindən artıq obyektin qaytarılmasına çalışırlar. Nəhayət Ukraynaya qarşı əmlak iddialarını vaxtilə bu ərazilərdə böyük torpaqlara malik olan, sonradan Avropaya köçən torpaq mülkədarlarının varisləri də qaldıra bilərlər. Belə ki, 20-ci əsrin əvvəllərində Kiyev və Çerniqov vilayətlərində əkin sahələrinin 40%-i həmin mülkədarlara məxsus idi.

Qeyd edək ki, Avropa İttifaqında restitusiya məsələsinə böyük diqqət yetirirlər. Vaxtilə Bolqarıstanın restitusiyadan imtina etməsi az qala onun Avropa Brliyinə qəbul edilməsinin qarşısını alacaqdı. (Fed.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

ABŞ 2019-cu il üçün Dini Azadlıq Hesabatını açıqlayıb

Sonrakı məqalə

Milli Məclisin iclası başlayıb –