ABŞ Belarusa təyyarə uçuşlarını qadağan edib

30 İyun 2021 - 08:48

Amerika Birləşmiş Ştatları “Ryanair” hava şirkətinin təyyarəsinin məcburi qaydada Minskə endirilməsinə və müxalifət jurnalisti və onun sevgilisinin həbsinə etiraz olaraq Belarusa və Belarusdan təyyarə uçuşlarına biletlərin satışını qadağan edib.

ABŞ Nəqliyyat Nazirliyi bu barədə qərarını iyunun 29-da açıqlayıb.

Nazirlik bildirib ki, Dövlət Departamenti Birləşmiş Ştatlarla Belarus arasında hava nəqliyyatına məhdudiyyət qoyulmasının ABŞ-ın xarici siyasət maraqlarında olduğunu bəyan edib.

Sözü gedən qadağan “birləşdirici” uçuşlara da şamil edilir. Yəni söhbət Belarusdan keçən bütün tranzit səfərlər üçün biletlərin satışına qoyulan qadağandan gedir.

Bu da qeyd olunur ki, Birləşmiş Ştatların marağında olduğu ayrı-ayrı hallarda istisna şəklində belə səfərlərə icazə verilə bilər.

Humanitar və milli təhlükəsizlik məsələləri ilə bağlı hallar da bu istisnada nəzərdə tutulur.