ABŞ-da azərbaycanlı dizaynerin hazırladığı yeni avtomobil modeli təqdim olunub –FOTO

Los-Ancelesdə (ABŞ) azərbaycanlı dizayner Samir Sadıxovun dizayn etdiyi “Genesis X Convertible” avtomobilinin təqdimatı olub. 

Azpost.info bildirir ki, bu barədə S.Sadıxov Meta-da bildirib.

“Son zamanlar üzərində işlədiyim avtomobili sizlərə təqdim etmək istərdim. Bu layihə Genesis X modellər seriyasının sonuncu veriyasıdır. Bu il yay aylarında, çox qısa bir vaxtda dizayn rəhbərlərimin köməyi ilə birgə dizayn etdik. Avtomobil iki qapılı, elektro moyorlu idman üslüblu modeldir.

Dizayn etdiyim bu avtomobili Kaliforniyada, belə bir məkanda təqdim edilməsindən böyük şərəf duydum.”-deyə o yazıb.

Gənc dizayner 20 iyul 1990-cı il tarixində Gəncə şəhərində anadan olub. Orta təhsilini Azərbaycan-Türk liseyində alıb. Sonra İtaliyanın Turin şəhərində Avropa Dizayn İnstitutunun (“Istituto Europeo di Design”) Nəqliyyat dizaynı fakültəsində bakalavr, Almaniyanın “Pforzheim” Universitetinin eyni adlı fakültəsində isə magistr pilləsini bitirib.

O, 2011-ci ildə Ferrari Dünya Dizayn Müsabiqəsində “Xəzri” adlı dizaynı ilə ikinci yerə layiq görülmüşdür. Həmin nəaliyyətdən sonra İtaliyanın “Lamborghini” markası ilə əməkdaşlıq edib, “Aston Martin” üçün innovativ konsepsiyalar, o cümlədən “DBC” avtomobil konsepsiyasını hazırlayıb.

Dizayner, “Ferrari World Design Challenge 2014” müsabiqəsində qalib olaraq məşhurluq qazanıb. Həmin ildə Sadıxov “DACAR” adlı təkər dizaynı ilə Hankook şirkətinin müsabiqəsində qalib gəlib. 2018-ci ildə gənc dizayner “Automobile Magazine” jurnalının təsis etdiyi ən nüfuzlu mükafatlardan biri sayılan “İlin ən yaxşı konsept avtomobili” mükafatı ilə təltif olunub.

Samir Sadıxov Cənubi Koreyanın “Hyundai” markasının lüks avtomobillər istehsal edən brendi “Genesis Motors”da baş dizayner vəzifəsində çalışır.

Əvvəlki məqalə

Putin Prezident İlham Əliyevə zəng edib

Sonrakı məqalə

Son sutkada 44 nəfər koronavirus infeksiyasına yoluxub