ABŞ-da prezidentliyə namizədlərin sonuncu debatı keçirilib –

Tramp və Bayden nədən danışıblar?
23 Oktyabr 2020 - 10:03

Respublikaçı Prezident Donald Tramp və onun Demokrat rəqibi, sabiq vitse-prezident Co Bayden cümə axşamı sonuncu debata çıxıblar.

Naşvill şəhərində yerləşən Belmont Universtietində təşkil olunan bu debat 3 noyabrda keçiriləcək seçkilər ərəfəsinə təsadüf edirdi.

Namizədlər bir-birini xarici maliyyə işbirliyində günahlandırırkən Prezident Tramp Co Baydenin oğlu Hanterin biznes fəaliyyətinə görə Amerika xalqına “izahat borclu” olduğunu söyləyib. Bayden isə “həyatı boyu xarici mənbədən bir sent də” götürmədiyini israr edərək Trampı öz gəlir vergilərini açıqlamağa çağırdı.

Respublikaçı və Demokrat namizədlər irqi münasibətlərdən tutmuş iqlim dəyişikliyinə və koronavirus pandemiyasınadək bir sıra məsələlər üzərində mübahisə apardılar.

Əvvəlki debatdan fərqli olaraq bu debat daha çox nizam-intizamı ilə seçilirdi.

Hər ikisi 70 yaşlarında olan namizədlər sentyabrın sonunda keçirilən ilk debatda dəfələrlə bir-birlərinin sözünü kəsmişdilər. Bəzi amerikalı müşahidəçilər həmin 90 dəqiqəlik debatı ABŞ tarixində ən bərbad prezident debatı adlandırmışdılar.

Bu dəfə Prezident Debatları üzrə Müstəqil Komissiya NBC Xəbərlər proqramının aparıcısı Kristen Vokerə moderatorluq edəcəyi debatda namizədlərin 6 mövzuda verilən suallara 2 dəqiqəlik cavab verə bilməsi üçün biri danışan vaxt digərinin mikrofonunu söndürmək səlahiyyəti verilmişdi.

Tramp sentyabrda keçirilən ilk debatdan fərqli olaraq daha təmkinli bir tonda çıxış etdi. Lakin cümə axşamı hər iki namizəd bir-birilərinə qarşı çox sayda şəxsi hücumlar etdilər.

Rəy sorğuları Trampın Baydendən geridə olduğunu göstərir, ancaq seçkinin nəticəsini bəlli edəcəyi gözlənilən ştatlarda iki namizəd arasındakı fərq çox cüzidir.

“Bu qədər insanın ölümünə görə məsuliyyət daşıyan insan Amerika Birləşmiş Ştatlarının prezidenti olaraq qalmamalıdır,” – Bayden deyib. Tramp COVID-19 pandemiyasına yanaşmasını müdafiə edib və pandemiyanın ən pis mərhələsinin artıq geridə qaldığını bildirib.

Tramp həmçinin vaksinin “həftələr” sonra hazır ola biləcəyini deyib. Bir çox ekspert, o cümlədən administrasiya rəsmiləri vaksinin genişmiqyaslı istifadə üçün 2021-ci ilin ortalarına qədər hazır olmaq ehtimalının aşağı olduğunu söyləyirlər.

Cümə axşamı debatda pandemiyadan sonra namizədlər bir-birilərini xarici hökümətlərlə əlaqələri ilə bağlı ittiham etdilər.

Tramp Bayden və oğlu Hanterin Çin və Ukraynada qeyri-etik əməllərlə məşğul olduqlarına dair ittihamlarını təkrar olaraq dilə gətirib. Bayden bu ittihamları saxta və etibarsız adlandırıb. O, ailəsini müdafiə edərək heç bir zaman xarici ölkədən bir sent belə almadığını söylədi və ardınca Trampı amerikalıların diqqətini yayındırmağa çalışmaqda ittiham etdi.

Bayden birbaşa kameraya baxaraq “Onun bu cəfəngiyyatları irəli sürməsinin arxasında bir səbəb var. Məsələ mənim və ya onun ailəsi deyil. Məsələ sizin ailənizdir və sizin ailəniz böyük zərər görür” dedi.

Bayden həmçinin Trampı vergilərini ödəməkdən yayınmaqda günahlandırdı və The New York Times qəzetininin apardığı tədqiqatda Trampın vergi sənədlərində 20 ildən çox demək olar heç bir federal vergi ödəmədiyinə dair məlumatlara istinad etdi.

“Ya vergi sənədlərini açıqla ya da korrupsiya haqda danışmağı dayandır,” – Bayden dedi.

Tramp isə cavab olaraq “milyonlarla” dollar vergi ödədiyini söylədi. O, həmçinin audit bitdiyi zaman vergi sənədlərini açıqlayacağını dedi.

Namizədlər daha sonra sağlamlıq sığortası, Çin siyasəti və irqi münasibətlərlə bağlı sualları cavablandırdılar. Bayden Trampın tarixdəki “ən irqçi prezidentlərdən biri” olduğunu söylədi.

Tramp ona cavab olaraq Baydeni azlıqların həbsinin artmasına gətirib çıxaran 1994-cü ildə qəbul edilən cinayət qanun layihəsinin müəllifi olduğuna görə tənqid etdi. O, həmçinin Abraham Linkolnun 1860-cı illərdə etdikləri istisna olmaqla bütün digər prezidentlərlə müqayisədə qaradərili amerikalılar üçün daha çox iş gördüyünü söylədi.

Bayden Trampın ABŞ Ali Məhkəməsini Baydenin Prezident Barak Obamanın administrasiyası dönəmində vitse-prezient ikən qəbul edilən sağlamlıq sığortası qanunu ləğv etməyə inandırmaq cəhdlərini tənqid etdi.

“İnsanlar əlverişli sağlamlıq sığortasına sahib olmağa layiqdirdlər,” -Bayden söyləyib.

Tramp bu qanunu yeni və “daha yaxşı” planla əvəzləmək istədiyini deyib.