ABŞ-da qadının edamına 1 saat qalmış məhkəmə müdaxilə etdi

ABŞ-ın Tennessi ştatında federal apellyasiya məhkəməsi 18 yaşında törətdiyi qətl cinayətinə görə ölüm cəzasına məhkum edilmiş 50 yaşlı Krista Qeyl Paykın edamını son anda dayandırıb.

Edamın çərşənbə günü həyata keçirilməsi planlaşdırılırdı. Lakin nəzərdə tutulan vaxta təxminən bir saat qalmış ABŞ-ın Altıncı Dairə Apellyasiya Məhkəməsi Paykın uşaqlıq dövründə məruz qaldığı cinsi zorakılıq tarixinin ölüm hökmü çıxarılarkən lazımi qaydada nəzərə alınıb-alınmadığını araşdırmaq qərarına gəlib. Bu barədə Associated Press məlumat yayıb.

Məhkəmə edamın dayandırılması barədə qərarı 2 hakimə qarşı 1 səs nisbətində qəbul edib. Tennessi prokurorluğu isə dərhal ABŞ Ali Məhkəməsinə müraciət edərək qərarın ləğv olunmasını istəyib.

Bu zaman edamı izləmək üçün dəvət olunan şahidlər və jurnalistlər Naşvildəki ciddi rejimli Riverbend həbsxanasında Ali Məhkəmənin qərarını gözləyiblər.

Payk 1995-ci ildə 19 yaşlı Kolin Slemeri öldürməkdə təqsirli bilinib. O, həmin vaxt 17 yaşında olan sevgilisi ilə birlikdə peşə təhsili mərkəzində tanış olduqları Slemerə hücum etməkdə təqsirli hesab edilib. Payk öz günahını inkar etmir.

Əgər edam həyata keçirilsəydi, Payk ən azı 200 il ərzində Tennessi ştatında edam edilən ilk qadın olacaqdı. O, həmçinin ştatda müasir dövrdə törətdiyi cinayətə görə 18 yaşında ikən ölüm cəzasına məhkum edilən və edam olunan ilk şəxs olacaqdı.

Paykın müdafiəçiləri bildirirlər ki, hökm çıxarılarkən onun yaşı, psixoloji vəziyyəti və ağır uşaqlıq dövrü tam nəzərə alınmalı idi. Vəkillərin sözlərinə görə, Payk erkən yaşlarından cinsi zorakılığa məruz qalıb. Sonradan ona bipolyar pozuntu və posttravmatik stress pozuntusu diaqnozu qoyulub.

Payk əfv üçün göndərdiyi müraciətdə Slemerlə yalnız dalaşmaq niyyətində olduğunu, lakin hücum zamanı özünə nəzarəti itirərək onu öldürdüyünü yazıb. O, törətdiyi cinayətə görə peşman olduğunu da bildirib.

Paykın işi hələ 1990-cı illərdə qətlin xüsusi qəddarlığına görə geniş rezonans doğurmuşdu. Qurbanın bədəninə pentaqram işarəsinin həkk edilməsi də işə böyük diqqət cəlb etmişdi. Hadisə ABŞ-da cinayətləri və gənclər subkulturasını satanizmlə əlaqələndirən “satanizm panikası” dövrünə təsadüf edib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.