ABŞ-da yaşayan məşhur azərbaycanlının doğum günüdür

01 Aprel 2021 - 12:00

Bu gün ABŞ-da yaşayan güneyli soydaşımız, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) başqanının müavini, Güney Azərbaycan Televiziyasının (Günaz.TV) sahibi Əhməd Obalının doğum günüdür.

Azərbaycan diaspora hərəkatının görkəmli nümayəndəsi Əhməd Obalı 1 aprel 1961-ci ildə İranın Ərdəbil ostanına bağlı Meşkinşəhrdə, fermer ailəsində anadan olub. Muğan şahsevənlərindən olan Əhməd Obalı orta təhsilini Meşkinşəhrdə alıb, uşaqlığının böyük hissəsi də elə burada keçib. O, gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak edib, tələbə hərəkatlarına qoşulub. İranda şah devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi fəallığını davam etdirən Obalı 19 yaşında həbs olunub. Ailəsi 53 gün sonra həm təzminat qarşılığında, həm də xəstə anasını görməsi üçün onu həbsdən çıxarıb. Ancaq idarəçilik ölkədən qaçacağı təqdirdə, Obalının qardaşını həbs edəcəyini bildirib. Buna baxmayaraq, o və qardaşı 1982-ci ildə böyük çətinliklərlə Türkiyəyə qaça bilir. Əhməd Obalı ilk olaraq qatarla Belqrada, buradan təyyarə ilə Stokholma gedir. Ancaq Stokholmda hava limanında sənədləri yoxlanılarkən, pasportunun vizasız olduğu ortaya çıxır. Vizası olmadığı üçün İsveç polisi onu Yuqoslaviyaya deportasiya etməyə qərar verir. Belqrada deportasiya edilən Obalı burada UNHCR ilə əlaqə yaradaraq 10 ay Belqradda yaşayır. Təşkilat vasitəsilə Romaya köçən Əhməd Obalı burada 1 il yaşayır və nəhayət, ABŞ-a köçmək üçün lazım olan sənədləri əldə edə bilir. O, 26 noyabr 1985-ci ildə 24 yaşında Kaliforniya ştatının San-Dieqo şəhərinə gəlir. Burada işə düzəlir. Az müddətdən sonra Əhməd Obalı “green card” qazana bilir. 1986-cı ilin martında qohumları ilə birlikdə Çikaqo ştatına gəlir və burada qida meneceri kimi işləyir. Maaşından qənaət etdiyi pullarla burada imtahana girir və İllinoys Universiteti film araşdırmaları sahəsində bakalavr təhsili alır. Bir neçə il sonra ABŞ vətəndaşı olan Əhməd Obalı rəsmi sənədlərdə olan fars mənşəli Sadat soyadını Obalıya dəyişir. Növbəti illərdə o, siyasi olaraq yaxın bildiyi insanları ətrafına toplamağa çalışır. Obalı 1998-ci ildə Dünya Azərbaycanlıları Konqresinin ikinci qurultayına təşkilatçılıq edir və konqresin idarə heyətinə seçilir. BMT-nin İnsan Hüquqları qrupları ilə də əməkdaşlıq edən milli fəal İran azərbaycanlılarının problemlərindən danışa biləcəyi televiziya kanalı qurmağa qərar verir. Güney Azərbaycan Televiziyası (GünAz TV) 2004-cü ildə Əhməd Obalı tərəfindən təsis edilir. Çikaqodan yayımlanan və 14 aylıq planla başlayan kanal ilk başlarda İrandan gələn gizli zəngləri qəbul edərək fəaliyyət göstərirdi. Təzyiqlərə məruz qaldığını deyən siyasi-ictimai fəallar burada fikirlərini deyirdi. 2007-ci ildə kanalın Azərbaycan bürosu fəaliyyət göstərməyə başlayır. Bundan sonra Almaniya, Hollandiya və Kanadada yerli bürolar yaradılır. Əhməd Obalının sözlərinə görə, İran-Türkiyə münasibətlərinə xələl gətirməmək üçün Türkiyədə büro yaradılmayıb. Qeyd edək ki, kanalın maliyyələşdirilməsi xaricdə yaşayan azərbaycanlılar hesabına aparılır. Hazırda Əhməd bəy ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində yaşayır. Evlidir və bir oğlu var. Həmkarımızı doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, yeni yaradıcılıq uğurları arzulayırıq