ABŞ-dan Vətən müharibəsinə gələn Hüseyn Məmmədov:

"Hadrutdan Şuşaya qədər gəldim, botinkalarımı Nyu-Yorka apardım" (VİDEO)
09 Yanvar 2021 - 17:20

Vətən sevgisi ən ülvi sevgidir. O nə məsafə tanıyır, nə də əngəl. Qəhrəman çavuş Hüseyn Məmmədovun hekayəsi bunun əyanı sübutudur. Belə ki, sentyabr ayında Vətən müharibəsində könüllü iştirak etmək üçün ABŞ-dan Azərbaycana yollanan H.Məmmədov yaşadığı Nyu York şəhərinə geri qayıdıb.

Qəhrəman hərbçini ailəsi və yaxın dostları Nyu Yorkun Kennedi hava limanında qarşılayıblar.

O, bir neçə ildir ailəsi ilə bərabər ABŞ-ın Nyu York şəhərində yaşayır. Vətən müharibəsinin ilk günlərində o, ailəsinə “İstanbula istirahətə gedirəm” deyərək birbaşa cəbhəyə yollanır. H.Məmmədov Orduda məxfi hissənin sürücüsü vəzifəsində, kiçik çavuş olaraq xidmət edib. O, Şuşa şəhərinin işğaldan azad olunmasında yaxından iştirakı ilə tanınıb.

Hüseynin atası Ayaz Məmmədov bildirib ki, övladı 1993-cü ildə Bakı şəhərində anadan olub:

“Hüseyn vətənpərvər oğuldur. 5 ildir Amerikada yaşasaq da, oğlum Qarabağla nəfəs alırdı. Deyirdi ki, müharibə başlasa, birinci sıralarda getməliyəm, elə də oldu. Bu səbəbdən onun gedişi bizim üçün sürpriz olmadı. Azərbaycana gedişindən xəbərsiz olsaq da, biz onun heç bir qərarını müzakirə etmədik. Hələ mövzu Vətəndirsə, bizim ona müdaxilə etmək kimi bir şansımız ola bilməzdi”.

Qəhrəmanın atası tarixi qələbə münasibəti ilə Ali Baş Komandan İlham Əliyevi təbrik edib:

“Onun əzmi və iradəsi bizim oğullarımızı səngərlərə apardı. Şükürlər olsun ki, Qarabağ bizə qayıtdı. Bir əsgər atası kimi, bir azərbaycanlı kimi şərəf hissi keçirirəm. Oğlumun simasında bütün əsgərlərimizlə, şəhidlərimizlə fəxr edirəm. Fəxr edirəm ki, azərbaycanlıyam”.

Doğmaları qəhrəman hərbçimizi Azərbaycan bayrağı ilə qarşılayıblar. Gözündə qələbə sevinci, üzündə Vətənə layiqli övlad olmağın qüruru olan H.Məmmədov onu Nyu Yorkdan Qarabağa aparan yoldan bəhs edib:

“Fikirləşdim ki, ermənilər hər yerdən gələ bilir, azərbaycanlılar gələ bilmir? Təyyarəyə oturdum. Öncə Bakıya, ordan isə hərbi komissarlığa yollandım. Könüllü xidmət üçün ilk cəhdimdə məni çağırmadılar. Növbəti dəfə müraciət etdim və təlim keçdikdən sonra məni xüsusi təyinatlılara göndərdilər. Vəzifəm məxfi hissənin sürücüsü, rütbəm isə kiçik çavuş idi. Döyüşlərdə noyabr ayının 10-na kimi olmuşam, ondan sonra sadəcə Şuşanı mühafizə etmişik. Vətənin müdafiəsinə Hadrutda başlamış, Şuşada bitirmişəm. Dekabrın 15-də Şuşadan çıxmışıq, dekabr 19-da isə tərxis olunmuşam. Son 30 ildə Şuşada bizdən çox qalan azərbaycanlı olmamışdı. 30 gün Şuşada qaldım”.

H.Məmmədov bildirir ki, müharibədə ona ən yaxın yol yoldaşı olan ayaqqabılarını da ABŞ-a gətirib:

“Böyük fəxr hissi keçirirəm. O qədər qürurluyam ki, hislərimi ifadə etməkdə acizəm. Hətta o botinkalarımı da özümlə gətirmişəm. O torpaqlarda gəzdiyim botinkalarım indi mənim ən dəyərli əşyamdır”.

Kiçik çavuş döyüşə yollanarkən şəhid olmağı gözə aldığını deyir:

“ABŞ-dan Azərbaycana gedəndə dostlarıma demişdim ki, qəhrəman olaraq qayıdacağam, elə də oldu. Çox çətin idi. Bir neçə dəfə gördüyüm hadisələrdə ağır sarsıntılar keçirdim, ancaq heç bir şey məni qorxutmadı. Vətənə xidmət etmək hər kişinin borcudur. Vətən üçün şəhid olmaqdan gözəl heç nə yoxdur. Cənab Prezident “İti qovan kimi qovun” dedi, biz də iti qovan kimi qovduq”.(Report)