ABŞ, Fransa və Britaniya İran dronları ilə bağlı BMT-yə müraciət edib

ABŞ, Britaniya və Fransa BMT Təhlükəsizlik Şurasından Rusiyanın Ukraynadakı müharibədə İranın pilotsuz təyyarələrindən istifadə etməsi məsələsini müzakirə etməyi xahiş ediblər.

Azpost.info-nun məlumatına görə, diplomatlar bildiriblər ki, onlar çərşənbə günü bağlı qapılar arxasında keçiriləcək iclasda BMT rəsmisinin Təhlükəsizlik Şurasına bu barədə məlumat verməsini istəyib.

Ukrayna rəsmiləri bildiriblər ki, paytaxt Kiyev də daxil olmaqla, keçən həftə boyu hücumlar zamanı istifadə edilən pilotsuz təyyarələr Rusiyanın partlayıcı maddələr daşımaq və hədəflərini vurmaq üçün istifadə etdiyi İran istehsalı “Şahed-136” dronları olub.

İran dronları Rusiyaya verdiyini, Rusiya rəsmiləri isə onlardan istifadə etdiyini inkar edib.

Estoniyanın müdafiə naziri Hanno Pevkur çərşənbə axşamı jurnalistlərə deyib ki, o, “Ukrayna şəhərlərinə” daha çox dron hücumlarının olacağını gözləyir.

Pevkur deyib ki, Ukrayna hücum edən pilotsuz təyyarələrin təxminən yarısını vurmağa nail olub, lakin onun hələ də daha çox yardıma ehtiyacı var. Ukrayna rəsmiləri son günlər müttəfiqlərinə hava hücumundan müdafiə yardımını artırmaqla bağlı çağırışlarını bir daha təkrarlayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, son bir həftə ərzində şəhərlərin elektrik stansiyaları, kanalizasiya qurğuları, yaşayış binaları, körpülər və digər obyektlər 100-dən çox İran istehsalı olan dronlarla vurulub.

 

Əvvəlki məqalə

Prezident və birinci xanım Qubadlıda Zəfər kompleksinin təməlini qoyub

Sonrakı məqalə

Rusiya hərbi vəziyyətə görə sərhədlərini bağlayacaq?