ABŞ Konqresinə Baydenin impiçmenti haqqında qətnamə layihəsi çıxarılıb

21 Avqust 2021 - 10:18

Qalmaqalları ilə məşhur olan xanım konqresmen Marcori Teylor Qrin ABŞ Prezidenti Cozef Baydenə üç impiçment (o cümlədən Əfqanıstana görə) elan etməyi təklif edib.

Corciya ştatından olan respublikaçı xanım 10 min amerikalını “Taliban” hərəkatının tabeliyi altında qoyduğuna görə Baydenin hakimiyyətdən uzaqlaşdırılması barədə qətnamə layihəsini konqresin müzakirəsinə çıxarıb. O, həmçinin iddia edir ki, Prezident immiqrasiya qanunvericiliyini pozaraq ABŞ-ın cənub sərhədində böhrana yol verib, kirayəçilərin çıxarılmasına moratoriumu uzatmaqla üzərinə ali məhkəmənin mövqeyinə zidd olan qanunverici səlahiyyətlər götürüb.

Xanım konqresmenin sözlərinə görə, Baydenin yeddi aydan da az prezidentliyi müddətində Amerika bütün dünyada hörmətini itirib, sübutlar göz qabağındadır və ona impiçment elan etmək zəruridir.

Hər iki palataya Cozef Baydenin Demokratlar partiyasından olan silahdaşları nəzarət etdiyindən qətnamə layihəsinin konqresdə uğur qazanmaq şansı azdır.