ABŞ Konqresində Azərbaycana hərbi yardımı bloklayan təklif qəbul edilib

ABŞ Konqresinin Nümayəndələr Palatasında ölkənin xarici yardımları nəzərdə tutan qanununa konqresmen Frenk Pallone və onun Konqresdəki erməni qrupu üzrə həmkarlarının düzəlişi qəbul olunub.

Bütünlükdə sözü gedən qanunun leyhinə 217, əleyhinə 212 səs verilib. Bu barədə məlumat ABŞ Konqresinin rəsmi saytında dərc olunub. Növbəti mərhələdə bu qanun Senatda baxılaraq səsə qoyulmalıdır.

Amerika Erməni Milli Komitəsinin (ANCA) yaydığı xəbərdə deyilirdi ki, Pallonenin təklif etdiyi düzəliş Azərbaycan silahlı qüvvələrinə ABŞ-ın maliyyə və təlim yardımının bloklanmasını nəzərdə tutur.

Bu barədə konqresmenin özü də iyulun 28-də Twitter-də yazıb: “Mənim Nümayəndələr Palatasının xərclər barədə qanununa düzəlişim Azərbaycan qüvvələrinin maliyyələşdirilməsinin dayandırılmasına bir mesajdır”.

ANCA-nın xəbərində deyilir ki, “Pallone Düzəlişi” “Beynəlxalq Hərbi Təhsil və Təlim” və “Xarici Hərbi Maliyyələşdirmə Proqramı” qanunları üzrə Azərbaycana hər hansı vəsaitlərin dayandırılmasını nəzərdə tutur.

Bu da qeyd olunur ki, sözü gedən dəyişiklik Azərbaycana ABŞ Müdafiə Nazirliyinin xətti ilə hərbi avadanlığın verilməsi imkanlarına təsir göstərməyəcək.

ABŞ Nümayəndələr Palatasındakı Erməni kokusuna demokratlar Frenk Pallone, Adam Şiff, Ceki Speyer və respublikaçılar Qus Bilirakis, Deyvid Vaaldao daxildirlər.

Sözü gedən düzəlişə bir neçə başqa konqresmenlər də dəstək veriblər. Onların arasında kaliforniyalı demokrat Cudi Çu da var. O iyulun 28-də bu barədə bəyanatla çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qəbul imtahanlarında ən yüksək bal toplayan abituriyentlərin sayı açıqlanıb

Sonrakı məqalə

Toyda karantini pozan 2 nəfər həbs edilib, 100 nəfər cərimələnib-