“Pentaqonun məxfi sənədlərinin sızdırılmasında Rusiyanın əli ola bilər”.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” üç ABŞ rəsmisinə istinadən yazır.
Sənədlərdə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı haqqında məlumatlar yer alırdı.
“Sızdırılan məlumatlar daha sonra rusiyayönlü Telegram kanallarında və “Tviter-də dərc edilib. Bununla belə, orada Rusiyanın itkilərinin sayı azaldılıb”, – “Reuters”ə mənbələrdən biri deyib.
Məsələn, bir sənəddə işğalın əvvəlindən bəri 16.000-17.500 rus əsgərinin həlak olduğu bildirilir. Agentliyin həmsöhbətləri bildiriblər ki, Rusiyanın itkilərinin real rəqəmi xeyli yüksəkdir və bu, 200 min nəfərə çata bilər.
Pentaqonun məlumatlarının sızması barədə “The New York Times” xəbər verib. Sənədlərdən birində Ukrayna ordusunun gözlənilən hücumu ilə bağlı bilgilər var. Burada Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələri və onlara verilən Qərb silahları da sadalanır. Başqa bir sənəddə isə martın 1-də münaqişənin vəziyyətini qiymətləndirən xəritə göstərilir.
“Sızdırılan sənədlər Pentaqonun kəşfiyyat məlumatları əsasında hazırladığı Ukrayna müharibəsi ilə bağlı gündəlik təqdimatdan slaydlardır”, – CNN xəbər verir.
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak Ukrayna Silahlı Qüvvələrinin əks-hücum hazırlığına dair məxfi sənədlərin sızmasını “fotoşop” adlandırıb. “Ruslar real planları tezliklə meydanda görəcəklər”, – o, tvitində yazıb.
Pentaqonun sözçüsü Sabrina Sinq sənədlərin həqiqiliyi ilə bağlı şərh verməkdən imtina edib. “Sosial şəbəkələrdəki məlumatlardan xəbərdarıq və Pentaqon məsələni öyrənir”, – o deyib.
Bununla belə, CNN mənbələri sızan məlumatın həqiqiliyini təsdiqləyib.
ABŞ rəsmiləri və Ukrayna ordusu bildirir ki, Ukraynanın əks-hücum əməliyyatı yaxın həftələrdə başlaya bilər. Hücum hazırlıqları çərçivəsində Ukrayna Silahlı Qüvvələri təxminən 40 min hərbçiyə təlim keçib.
Azpost.info