İran hərbi təcavüzlə üzləşəcəyi təqdirdə genişmiqyaslı cavab zərbəsi endirməyə hazır olduğunu bəyan edib. Ölkənin silahlı qüvvələri istənilən hücuma qətiyyətli cavab verilməsini nəzərdə tutan əməliyyat planının hazırlanmasını başa çatdırıb.
Bu barədə İranın təhlükəsizlik strukturlarının və siyasi rəhbərliyinin yüksək vəzifəli nümayəndəsi “Al Mayadeen” telekanalına müsahibəsində bildirib. “İran Silahlı Qüvvələrinin kompleks əməliyyat planı tamamlanıb. İstənilən hərbi təcavüzə qətiyyətli, hərtərəfli və son dərəcə genişmiqyaslı cavab vermək qərarı tamamilə qətidir”, – deyə rəsmi şəxs vurğulayıb.
O, İranın rəqiblərinə və onların regiondakı müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, mümkün cavab zərbəsinin miqyası və intensivliyi onların gözləntilərini aşacaq və şok effekti yaradacaq. İran nümayəndəsi həmçinin qarşı tərəfin terror aktlarına əl atacağı təqdirdə Tehranın qanuni hədəflərinin siyahısının genişləndiriləcəyini bəyan edib.
Onun sözlərinə görə, bu siyahıya İranın rəqiblərinin və onların regional müttəfiqlərinin bütün siyasi mərkəzləri, obyektləri və qərargahları daxil edilə bilər.
