“ABŞ sanksiyaları ləğv etmək istəyini faktlarla təsdiq etsin!” –

İranın Ali Rəhbəri Xamneyi
10 Aprel 2021 - 13:48

“ABŞ-ın sanksiyaları aradan qaldırmaq istəyi haqqında səsləndirdiyi bəyanatlar real faktlarla təsdiqlənməlidir”.

Busözləri İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi deyib.

O bildirib ki, nüvə sazişinin qorunub saxlanması üçün, ilk növbədə, sanksiyalar ləğv edilməlidir və İran öz neftini dünya bazarında satıb pulunu almalıdır.

Ali Rəhbər bildirib ki, 2015-ci ildə İrandan başqa, nüvə sazişini imzalayan dövlətlərdən heç biri üzərilərinə düşən öhdəlikləri yerinə yetirməyib. Ona görə də onların İrana şərt qoymağa heç bir haqqı yoxdur.

Əli Xamneyi qeyd edib ki, sanksiyalar aradan qalxdıqdan sonra İran üzərinə götürdüyü öhdəlikləri tam olaraq yerinə yetirəcək.

Qeyd edək ki, Vyanada Avropa dövlətləri (Fransa, Almaniya, Rusiya, Böyük Britaniya) ilə İran arasında danışıqlar başlayıb. Danışıqlarda ABŞ nümayəndəsi iştirak etməsə də, Avropa dövlətləri Vaşinqtonu məlumatlandırırlar.

İstər danışıqlardan əvvəl, istərsə də danışıqların gedişi zamanı ABŞ rəsmiləri sanksiyaların ləğvinin mümkünlüyü barədə bəyanatlarla çıxış ediblər. Lakin onu da nəzərə çatdırıblar ki, bütün sanksiyaları birdən-birə aradan qaldırmaq mümkün deyil. Bu, çətin prosesdir və zamana ehtiyac var. Bu günədək ABŞ İrana qarşı 1500 sanksiya tətbiq edib. Bir çox sanksiyanın aradan qaldırılması üçün Konqresin də razılığı lazımdır ki, bu da uzun sürür. Lakin Prezidentin sərəncamları ilə tətbiq olunan sanksiyalar tədricən ləğv edilə bilər. Gələn həftə Vyanada keçirilən görüşlər davam edəcək. Bu ərəfədə isə İranın Ali Rəhbəri sanksiyaların tam aradan qaldırılmasını tələb edir.