ABŞ Türkiyənin Kabil hava limanının mühafizəsi ilə bağlı qərarını alqışlayıb

18 İyun 2021 - 10:28

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ABŞ-ın rəhbərliyi altında müttəfiq qüvvələrin Əfqanıstanı tərk etməsindən sonra Türkiyənin Kabul hava limanının mühafizəsini təmin edəcəyinə dair təklifini alqışlayıb.

Sallivan jurnalistlərə deyib ki, bu həftənin əvvəllərində Brüsseldə keçirilən NATO sammitində ABŞ və Türkiyə prezidentləri Co Bayden və  Ərdoğan Türkiyənin Həmid Kərzay beynəlxalıq hava limanının mühafizəsini öz üzərinə götürməsi təklifini detallı şəkildə müzakirə ediblər: “İki lider işçi qruplara yekun təfərrüatlar üzərində işləmək tapşırığı veriblər. Lakin liderlər Türkiyənin Həmid Kərzay hava limanının mühafizəsində aparıcı rol oynayacağına açıq niyyət bildiriblər”.

Sallivan deyib ki, Ərdoğan bu məsələdə Türkiyəyə müəyyən dəstək lazım olacağını bildirmişdi və Bayden bu fikirlə razılaşıb.

Beynəlxalq hərbi qüvvələrin Əfqanıstandan çıxarılmasından sonra oradakı diplomatik missiyaların fəaliyyəti üçün hava limanının həlledici əhəmiyyəti olacaq. İyunun 14-də Brüsseldə keçirilən NATO sammitində prezidentlər Bayden, Ərdoğan və NATO komandanları Həmid Kərzay hava limanının işləməkdə davam etməsi üçün “keçid dövrü maliyyələşdirməsini” vəd ediblər.

Ərdoğan mətbuat konfransında deyib ki, bu işdə Türkiyəyə “diplomatik, loqistik və maliyyə dəstəyi” lazım olacaq. Türkiyənin hazırda Əfqanıstanda 500 hərbçisi var.

ABŞ prezidenti Əfqanıstandakı bütün Amerika qüvvələrinin 11 sentyabr terror hücumlarının 20-ci ildönümünədək bu ölkədən çıxarılmasını əmr edib.