ABŞ və 32 dövlət Qara dənizdə hərbi təlimlərə başlayır –

5 min əsgər, 32 gəmi, 40 təyyarə: Kremldən etiraz
28 İyun 2021 - 11:06

Qara dənizdə iki həftə çəkəcək “Sea Breeze”  donanma təlimləri başlanır.

Bu təlimlər Rusiyanın Ukrayna yaxınlığındakı mübahisəli ərazilərdə ortaya çıxan problemləri cavabsız qoymayacağı xəbərdarlığı ilə bir dönəmə düşür. Ötən həftə Britaniya hərbi gəmisi ilə insident yaşanmışdı.

İllik “Sea Breeze” təlimi iyunun 28-sən iyulun 10-dək 32 ölkənin iştirakıyla gerçəkləşəcək.

Təlimlərə bir sıra Qara dəniz ölkələri, NATO müttəfiqləri və tərəfdaşlar qoşulub. Ümumilikdə 5 min əsgər, 32 gəmi, 40 təyyarə və 18 xüsusi əməliyyat və dalğıc komandalarının iştirakı gözlənilir.

Bu il dəniz, quru və hava komponentlərinin iştirakıyla təlimlərə Ukrayna və Birləşmiş Ştatlar ev sahibliyi edir.

Rusiya iyunun 23-də bildirib ki, Britaniyanın HMS Defender gəmisinin yoluna atəş açaraq, bomba ataraq onu Krımın Sevastopol şəhəri yaxınlığından uzaqlaşmağa məcbur etmək istəyib.

Britaniyanın Müdafiə Nazirliyi HMS Defender-ə atəş açılmadığını, Rusiyanın ərazidə əvvəlcədən elan olunmuş “artilleriya təlimi” apardığını bildirib. Britaniya Ukraynaya aid və beynəlxalq sularda naviqasiya azadlığından istifadə etdiyini bəyan edib.

Moskva bu insidentə cavab olaraq Ukraynanın Krım yarımadası ətrafında iddia etdiyi ərazi sularına girən hərbi gəmilərə atəş açmağa hazır olduğunu bildirib. Rusiya Krımı 2014-cü ilin martında tutub, amma beynəlxalq ictimaiyyət bu addımı tanımayıb.

Rusiyanın Vaşinqtondakı səfirliyi ABŞ və müttəfiqlərini Qara dənizdə hərbi təlimlər keçirməməyə çağırıb, belə manevrlərin “təsadüfi insident riskini artırdığını”, – Ukraynanı cəsarətləndirdiyini deyib.