ABŞ hökumətinin yadplanetlilərlə əlaqə qurulacağı təqdirdə fəaliyyət göstərmək üçün hazır planının olduğu açıqlanıb.
Bu barədə ABŞ kəşfiyyat xidmətlərinin rəhbərliyi ilə görüşdə ölkənin UFO/UAP məsələlərini araşdıran alimlərə məlumat verilib. Görüş Milli Kəşfiyyat Direktorunun (ODNI) ofisində keçirilib.
ABŞ hökumətinin yaratdığı UAP Science Advisory Council (UAPSAC) adlı elmi şuranın nümayəndələri görüşdə xüsusi xidmət orqanlarının rəhbərliyi ilə bir araya gəliblər. Şuranın tərkibinə psixoloq doktor Cenniss Vilhauer, Harvard Universitetinin astronomiya professoru Avi Löb və immunologiya üzrə tədqiqatçı professor Harri Nolan daxildir.
Psixoloq Cenniss Vilhauer görüşdən sonra Substack platformasında ABŞ-ın mümkün yadplanetli təması ilə bağlı planından danışıb.
Onun sözlərinə görə, belə bir planın mövcudluğu ABŞ hökumətinin yerdənkənar həyatın mövcudluğunu təsdiqləməsi anlamına gəlmir. Vaşinqtonun bununla bağlı hər hansı rəsmi açıqlama hazırladığı da bildirilməyib.
Lakin Vilhauerin fikrincə, hökumətin bu ehtimal üçün əvvəlcədən plan hazırlaması mövzuya kifayət qədər ciddi yanaşıldığını göstərir.
ABŞ beynəlxalq liderlik istəyir
Alimin diqqət çəkdiyi əsas məqamlardan biri mümkün “ilk təmas” zamanı ABŞ-ın beynəlxalq liderlik rolunu üzərinə götürmək niyyətidir.
Vilhauer hesab edir ki, yadplanetli və ya başqa sözlə, “qeyri-insani zəka”nın mövcudluğunun təsdiqlənməsi bütün dünya üçün böyük hadisə olacaq və bunun nəticələrinə cavab vermək üçün dövlətlər arasında koordinasiya tələb olunacaq.
Onun fikrincə, ABŞ-ın beynəlxalq liderlik iddiası Vaşinqtonun belə bir hadisəni yalnız milli deyil, qlobal məsələ kimi nəzərdən keçirdiyini göstərir.
Bununla belə, alim ABŞ hökumətinin hazırladığı planın konkret detallarını açıqlamayıb. Məlum deyil ki, hansı şəraitdə plan işə salınacaq, hansı qurumlar prosesə cəlb olunacaq və hansı tədbirlər görüləcək.
Polis, həkim və müəllimlər də hazırlanmalıdır
Vilhauerin sözlərinə görə, mümkün yadplanetli təmasının nəticələrinə hazırlıq yalnız dövlət və təhlükəsizlik strukturları ilə məhdudlaşmamalıdır.
O, polis əməkdaşları, müəllimlər, tibb işçiləri, psixi sağlamlıq mütəxəssisləri, din xadimləri, mülki müdafiə xidmətləri və yerli hakimiyyət nümayəndələri üçün xüsusi hazırlığın vacib olduğunu düşünür.
Bundan əlavə, insanların məlumatlandırılması və belə bir hadisədən psixoloji olaraq sarsılan şəxslərə uzunmüddətli dəstək göstərilməsi üçün xüsusi yardım mərkəzlərinin yaradılması təklif olunur.
Vilhauer hesab edir ki, yadplanetli həyatının təsdiqlənməsi insanların dünyagörüşündə ciddi dəyişikliklərə və qorxuya səbəb ola bilər. Buna görə də mümkün “ilk təmas” yalnız elmi hadisə deyil, həm də sosial və psixoloji böhran kimi qiymətləndirilməlidir.