Şəkərli içkilərin, o cümlədən şəkər əlavə edilmiş çay və kompotun acqarına içilməsi tövsiyə olunmur. Çünki bu, qanda şəkərin səviyyəsinin kəskin yüksəlməsinə səbəb ola bilər.
Mütəxəssis bildirib ki, günün ilk yeməyindən əvvəl bir stəkan su içmək daha məqsədəuyğundur. Onun fikrincə, acqarına qəhvə və çay içmək də orqanizmə mənfi təsir göstərə bilər.
Dietoloq Ginzburq qeyd edib ki, kefir kimi turş süd məhsulları, xüsusilə mədənin selikli qişasında iltihab olduqda, onu qıcıqlandıra bilər. Onun sözlərinə görə, turş maye mədənin iltihablı nahiyələri ilə təmasda olduqda ağrı yarada bilər. “Əgər mədə sağlamdırsa, südlə yaşıl çay, həmçinin vaxtaşırı südlü qəhvə içmək olar”, – deyə dietoloq əlavə edib.
Onun sözlərinə görə, şirələr də mədəni qıcıqlandırır. Kompot və qazlı içkilər də daxil olmaqla şəkərli içkilər orqanizmə zərər verə bilər. Acqarına şəkərli çay içmək də məsləhət görülmür. “Həmin içkilərin problemi ondadır ki, mədəyə daxil olduqdan sonra qısa müddətdə bağırsaqlara keçir və orada sorulmağa başlayır”, – deyə həkim izah edib.
Mütəxəssis xüsusilə alkoqolun acqarına qəbul edilməsinin təhlükəli olduğunu vurğulayıb. Alkoqol bu halda sürətlə qana sorulur, qanda şəkərin səviyyəsinin kəskin dəyişməsinə və maddələr mübadiləsinin pozulmasına səbəb olur.
Sunay Aydın
