Aİ ölkələri Rusiya Mərkəzi Bankının bloklanmış aktivlərindən gəlir şəklində əldə edilən ilk 2-3 milyard avronu Ukraynaya köçürməyə hazırlaşır.
Azpost.info xəbər verir ki, bunu “Financial Times” Avropa rəsmilərinə istinadən yazıb.
Onların sözlərinə görə, vəsait bu ilin iyulunda Kiyevə köçürülə bilər.
Avropa Komissiyası üzv dövlətlərin təsdiqini təmin etmək üçün gələn həftə Aİ liderlərinin sammitinə qədər təklifi rəsmən təqdim edəcək.
Avropa Komissiyasının layihəsindən belə çıxır ki, Brüssel dondurulmuş Rusiya aktivlərindən əldə etdiyi xalis mənfəətin 97 faizini istifadə etmək istəyir. Sənəddə deyilir ki, bu vəsait rübdə bir və ya ildə iki dəfə Aİ büdcəsinə köçürüləcək və müxtəlif razılaşmalara uyğun olaraq Ukraynanın maraqları üçün istifadə oluna bilər.
Ukraynada müharibə başlayandan bəri Rusiyanın 190 milyard avroya yaxın suveren aktivi dondurulub. Avropa rəsmiləri qeyd ediblər ki, 2027-ci ilə qədər bu vəsaitdən əldə olunan gəlir 20 milyard avroya çata bilər.
Azpost.info