AKP-nin Gənclər Qolu Ermənistanın Azərbaycana hərbi təxribatı ilə əlaqədar bəyanat yayıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (YAP) Gənclər Qolu son günlər işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribat törətməsi ilə əlaqədar bəyanat yayıb.

APA-nın Yeni Azərbaycan Partiyasının (YAP) saytına istinadən verdiyi məlumata görə, bəyanatda deyilir: “İyulun 13-də Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonundakı Azərbaycan silahlı qüvvələrinə hücum etmişlər. Ermənistanın aqressiv hərəkətlərinin arxasında dayanan səbəblər bizim üçün yeni deyil və hamımız onlardan xəbərdarıq. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini illərdir işğal altında saxlayan ölkədir və onun münaqişəyə yeni ölçülər gətirmək cəhdləri iflasa məhkumdur.

1,5 milyondan artıq üzvü və Türkiyədəki ən böyük QHT olan AK Partiyanın Gənclər Qolu Ermənistan silahlı qüvvələrinin hücumunu kəskin şəkildə pisləyir. Həyatını itirən azərbaycanlı şəhidlərə görə dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk. Yaralılara isə acil şəfa diləyirik”.

Bəyanatda qeyd olunur ki, Türkiyə heç zaman Ermənistanın aqressiv millətçilik və əsassız özgüvəndən irəli gələn avantürist və təkəbbürlü addımları qarşısında qardaş Azərbaycan xalqını tək qoymayacaq: “Böyük lider Heydər Əliyevin söylədiyi kimi “Biz bir millət, iki dövlətik”. Türkiyə gəncləri daha güclü şəkildə və bütün imkanları ilə torpaqlarını qorumaq uğrunda mübarizəsində qardaş Azərbaycanın yanında olmaqda davam edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Tovuzda şəhid olan hərbçimiz Ağstafada dəfn olunub

Sonrakı məqalə

Polad Bülbüloğlu Rusiya XİN başçısının müavini ilə Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib