UBS Global Wealth Report 2026 hesabatına əsasən, Almaniya əhalinin sərvət səviyyəsinə görə dünyanın 30 ən böyük iqtisadiyyatı arasında sonuncu yerdə qərarlaşıb.
Azpost.info xəbər verir ki, hesabatda bildirilib ki, orta hesabla bir yetkin sakinə düşən sərvətə görə İsveçrə yenidən dünya lideri olub. 2025-ci ilin sonuna olan məlumata əsasən, İsveçrədə bir yetkin şəxsin orta sərvəti 777,5 min avroya çatıb.
Reytinqdə ikinci yeri ABŞ (594,7 min avro), üçüncü yeri isə Lüksemburq (559,2 min avro) tutur.
Lakin hesabatda qeyd olunur ki, sərvət orta göstərici ilə deyil, median göstərici əsasında hesablandıqda ölkələrin sıralaması əhəmiyyətli dərəcədə dəyişir.
Median sərvətə görə ilk yerdə Lüksemburq (336,5 min avro), ikinci yerdə isə Belçika (236,7 min avro) qərarlaşıb. İsveçrə bu göstərici üzrə yalnız 8-ci, ABŞ isə 28-ci yerdədir. Bu isə ABŞ-da sərvətin böyük hissəsinin çox məhdud sayda supervarlı şəxslərin əlində cəmləşdiyini göstərir.
Hesabatda Almaniyanın vəziyyəti xüsusilə diqqət çəkir. Ölkə orta sərvətə görə 30 iqtisadiyyat arasında 14-cü yerdə olsa da, median sərvət göstəricisinə görə sonuncu – 30-cu yerdə qərarlaşıb.
Belə ki, Almaniyada bir yetkin şəxsin orta sərvəti 296 min avro, median sərvəti isə cəmi 45,7 min avro təşkil edir.
Müqayisə üçün qeyd olunur ki, İtaliyada orta sərvət Almaniyadan aşağı olsa da, median sərvət 111 min avrodan çoxdur.
Araşdırmaya əsasən, dünyadakı bütün şəxsi sərvətin 38,1 faizi ABŞ-ın, 21,9 faizi Qərbi Avropanın, cəmi 3,3 faizi isə Şərqi Avropanın payına düşür.