Altı ayda neftdən 5 milyard manat qazanmışıq –

Neft Fondu rəqəmləri açıqladı
27 İyul 2021 - 13:07

2021-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 6,886.1 milyon manat, büdcə xərcləri isə 4,708.7 milyon manat təşkil edib.

Bu barədə ARDNF-dan bildirilib. Verilən məlumata görə, 2021-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4,959.1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4,175.0 milyon manat, bonus ödənişləri 768.6 milyon manat, tranzit gəlirləri 10.8 milyon manat, akrhesabı ödənişlər 4.7 milyon manat təşkil edib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1,927.0 milyon manata bərabər olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərcləri 1,258.2 milyon manat təşkil edib.

Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin 2021-ci il büdcəsinin icrası çərçivəsində 4,696.7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 1.4 milyon manat yönəldilib. 2021-ci ilin yanvar-iyun ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 10.6 milyon manat təşkil edib.

2021-ci il iyunun 30-a Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43,564.3 milyon ABŞ dolları) nisbətən 1.24% artaraq 44,104.9 milyon ABŞ dolları təşkil edib.

Aktivlərin artımı ARDNF-nin büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınıb.