“2021-ci ildə AMEA-nın 7 elmi müəssisəsinin gəliri cəmi 341 min manat olub. İnanılmaz olsa da, bu belədir. Təsəvvür edin ki, AMEA-nın nəhəng qurumlarının, Riyaziyyat və Mexanika İnstitutu, Fizika İnstitutu, Şamaxı Astrofizika Rəsədxanası, İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu , Radiasiya Problemləri İnstitutu və Biofizika Institutunun birlikdə elmi-innovativ fəaliyyətindən əldə etdikləri gəlir ağlasığmaz dərəcədə azdır”.
Azpost.info bildirir ki, bu sözləri META-da İnternet Forumunun prezidenti Osman Gündüz yazıb.
Onun sözlərinə görə, bu elmi müəssisələrdə toplam 948 nəfər elmi işçisi çalışır: “Xarici təcrübəyə diqqət etsək görmək olar ki, bu tip elmi-tədqiqat müəssisələrinin gəlirləri milyonlarla ölçülür. Görünür ki , ölkədəki mövcud mühit elmi müəssisələrin tətbiqi və innovativ fəaliyyəti üçün ciddi problemlər yaradır. Bu qeyd olunan rəqəm ötən ayın sonu keçirilən AMEA-nın Ümumi yığıncağında Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında akademik Rasim Əliquliyevin hesabatında qeyd edilib”.
O. Gündüzün sözlərinə görə, AMEA-nın vitse-prezidenti olan Rasim Əliquliyevin hesabatına diqqət yetridikdə görmək olar ki, burada görülən işlərdən daha çox problemlərə və elmi islahatlara, təkliflərə yer ayrılıb.
“Hesabatdan görünür ki, AMEA-da həqiqətən ciddi islahatlara ehtiyac var. Ağlasığmazdır ki, AMEA Rəyasət Heyəti aparatının adi siravi işçilərinin, inzibati işçilərin əmək haqları elmi institutların baş direktorlarının maaşından dəfələrlə çoxdur. Maraqlıdır ki, AMEA Rəyasət Heyətinin aparatında işləyən inzibati işçilərin sayı 465 nəfərdir. Bu rəqəm ən böyük Nazirliyin aparat işçilərindən 5-6 dəfə çoxdur”.
Yaradıcı elmi işçilərə beynəlxalq elmi bazalarda elmi əsərlər dərc etdirdiyinə görə hər hansı mükafatlar verilmir.