Bu gün Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan Evinin və Şuşa Konqres Mərkəzinin açılış mərasimi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırır.
Azərbaycan-Türkiyə münasibətlərindən danışan Dövlət Komitəsinin sədri deyib ki, bu gün iki dövlətin dostluğu ölkəmizin hüdudlarından kənara çıxır və dünyanın diqqət mərkəzindədir: “Cənab Prezidentimiz dəfələrlə dünyaya səslənirdi ki, Azərbaycanla Türkiyənin dostluğundan narahat olmayın, bu dostluğu dəstəkləyin, çünki bu qardaşlıq bir çox ölkələrin, böyük Avrasiyanın sabitliyi deməkdir. Biz də Diasporla iş üzrə Dövlət Komitəsi olaraq çalışırıq ki, əməkdaşlığımızı başqa ölkələrə də sirayət etdirməklə uzun illər həyata keçirilən bu xoşməramlı siyasətə dəstək olaq”.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım və Türkiyədən xaricdə yaşayan türklər və qohum topluluqlar təşkilatının sədri Abdullah Eren çıxışlarında Azərbaycanla Türkiyənin daha sıx təşkilatlanmasından bəhs ediblər.
Ankarada Azərbaycan Evinin nəzdindəki Şuşa Konqres Mərkəzinin də açılışı olub.
Tədbirdə həmçinin Azərbaycan-Türkiyə əlaqələrində xidməti olan qonaqlar Azərbaycan Evi adından mükafatlandırılıb.