AQTA xaricdən quş əti gətirən sahibkarlara müraciət etdi –"Ehtiyatlı olun!"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib.

Agentlikdən verilən xəbərə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) tərəfindən bir sıra Avropa ölkələri ərazisində quşlar arasında xəstəlik törədicisi aşkar olunub. Bununla əlaqədar AQTA tərəfindən epizootik risk amillərinin mövcudluğu nəzərə alınaraq, ölkəyə idxal edilən quş əti və digər quş məhsulları üzərində nəzarət tədbirləri gücləndirilib.

Yaranmış epizootik durumu ciddi siqnal kimi qəbul etməklə, respublikamızda fəaliyyət göstərən ailə və quşçuluq təsərrüfatlarında  yarana biləcək təhlükənin qarşısını almaq məqsədilə Ukraynadan ölkəmizə diri quş və quş məhsullarının idxalına epizootik vəziyyət sabitləşənədək müvəqqəti məhdudiyyət qoyulub.

Eləcə də, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Ukrayna ərazisindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

AQTA bir daha quşçuluq məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarları diqqətli olmağa və başqa ölkələrdən respublikamıza keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq üçün müəyyən olunmuş tələblərə ciddi şəkildə əməl etməyə çağırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstanda koronavirusa yoluxma ehtimalı səbəbindən 54 nəfər xəstəxanaya yerləşdirilib

Sonrakı məqalə

Deputatlığa namizədliyini geri götürənlərin sayı 312 nəfərə çatdı